"Uşaqlarda telefon asılılığı sosial davranışlara mənfi təsir edir" -ŞƏRH EDİLDİ

26 Yanvar 2026 10:58 (UTC+04:00)

"Uşaqlarda telefon asılılığı müasir dövrün ən ciddi psixoloji və sosial problemlərindən birinə çevrilib. Texnologiya düzgün istifadə edildikdə faydalı olsa da, nəzarətsiz və uzunmüddətli istifadə uşağın psixoloji inkişafına mənfi təsir göstərə bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, telefon asılılığının qarşısının alınması ilk növbədə ailədən başlayır: "Valideynlər uşağa erkən yaşlardan texnologiya ilə sağlam münasibətin necə qurulacağını öyrətməlidirlər. Uşağın telefonla keçirdiyi vaxta gündəlik limit qoyulmalı, bu limit yaşa uyğun şəkildə tənzimlənməlidir. Eyni zamanda, valideynlərin özlərinin də telefon istifadəsində nümunə olmaları olduqca vacibdir. Uşaq valideynin davranışını təqlid etdiyi üçün ailədaxili münasibətlərdə canlı ünsiyyətə üstünlük verilməlidir. Uşağın boş vaxtını yalnız telefonla doldurmaq düzgün deyil. İdman, kitab oxumaq, açıq havada oyunlar, ailə ilə birgə vaxt keçirmə kimi alternativ fəaliyyətlər uşağın həm fiziki, həm də emosional inkişafına müsbət təsir göstərir. Valideynlər uşağın maraqlarını tanımalı və onu real həyat fəaliyyətlərinə yönləndirməlidirlər. Telefon asılılığı uşağın psixologiyasına bir sıra mənfi təsirlər göstərə bilər. Uzun müddət ekran qarşısında qalmaq diqqət dağınıqlığına, yaddaş problemlərinə, aqressiv davranışlara və emosional zəifliyə səbəb ola bilər. Bundan əlavə, sosial bacarıqların zəifləməsi, yaşıdlarla ünsiyyətdə çətinlik və özünü ifadə etmə problemləri də müşahidə olunur.

Telefon asılılığı uşaqlarda yuxu pozuntularına da yol aça bilər. Xüsusilə yatmazdan əvvəl telefon istifadəsi uşağın beynini daim aktiv vəziyyətdə saxlayır və bu da yuxu keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Uzunmüddətli perspektivdə bu hal uşağın psixo-emosional balansına mənfi təsir göstərir. Telefonun tam qadağan edilməsi çıxış yolu deyil. Əsas məqsəd uşağa texnologiyadan düzgün və balanslı istifadə vərdişi aşılamaqdır. Sevgi, diqqət və sağlam ünsiyyət mühiti olan ailələrdə telefon asılılığının yaranma riski xeyli azalır. Valideyn–uşaq münasibətləri nə qədər güclü olarsa, uşaq real həyatla virtual dünya arasında düzgün balans qurmağı bir o qədər asan öyrənir".