Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb

25 Yanvar 2026 22:13 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində yanvarın 25-də bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Salehlə görüşüb.

SİA-nın məlumatına görə, Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Əli bin Saleh Al Saleh bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirərək, bu çərçivədə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

S.Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan parlamentinin sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfərinin münasibətlərimizin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparmağa imkan verəcəyini vurğulayıb.

Söhbət zamanı xalqlarımızın dost ölkələrimizi birləşdirən ümumi dini və mədəni dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq, siyasi təmasların, iki dövlət arasında müxtəlif sahələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrin inkişafına təkan verəcəyinə inamlarını ifadə ediblər.

Görüşdə ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq etdikləri vurğulanaraq, bu təşkilatlarda qarşılıqlı dəstək göstərilməsindən razılıq ifadə olunub.

Mətləb