Ağcabədidə heyvan satışı bazarı fəaliyyətə başlayıb - FOTOLAR

25 Yanvar 2026 14:56 (UTC+04:00)

Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisindəki heyvan satışı bazarı fəaliyyətə başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dövlət nəzarəti və təqdim etdiyi eskiz layihə əsasında yenidənqurma və abadlaşdırma işləri aparılan bazarda iri və xırdabuynuzlu heyvanların ticarəti təşkil edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin sektor müdiri Ruslan Məmmədov SİA-nın bölgə müxbirinə bildirib ki, bazarın giriş və çıxışında dezbaryerlər qurulub, yem anbarı, baytarlıq nəzarətinin həyata keçirilməsi üçün məntəqə, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.

Bazarın ərazisinə asfalt-beton örtük salınıb, heyvanların satışı üçün çardaqlar qurulub. Bundan başqa heyvanların avtomobillərə yüklənib boşaldılması üçün rampalar, tullantıların atılması üçün xüsusi təmin edilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Heyvan bazarının baş nəzarətçisi Füzuli Allahverdiyev isə bildirib ki, təmir-bərpa işləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi layihəyə uyğun olaraq yüksək səviyyədə həyata keçirilib. Onun sözlərinə görə, həm heyvan satışı ilə məşğul olanlar, həm də alıcılar bazarda yaradılan yeni şəraitdən razıdırlar.

Bazarda heyvan satışı ilə məşğul olan Knyaz Məmmədov və alıcı Aydın Həmidov da yaradılan şəraiti müsbət qiymətləndiriblər. Bildiriblər ki, əvvəllər bazarda ciddi şəraitsizlik mövcud idi, xüsusilə yağışlı havalarda çətinliklər yaranırdı. İndi isə ərazidə səliqə-sahman yaradılıb, yer asfaltlanıb, çardaqlar tikilib və alqı-satqı prosesi daha rahat şəkildə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdədəki heyvan bazarları fəaliyyətə başlayıb.