Misli Premyer Liqasının XVII turunda bu gün lider "Sabah" autsayder "Karvan-Yevlax"la üz-üzə gələcək.
SİA xəbər verir ki, "bayquşlar" sözügedən matçda qələbə qazanmaqla ötən gün məğlub olan, ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə yüksəldə bilər.
Cari mövsüm ilk və sonuncu qələbəsini II turda əldə edən Yevlax təmsilçisi isə möcüzə axtarışında olacaq.
Bu qarşılaşma "Bank Respublika Arena"da, saat 18:30-da start götürəcək.
Günün digər oyununda turnir cədvəlində qonşu olan komandalar qarşılaşacaq.
Belə ki, "Turan Tovuz" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirəcək. Tovuz kollektivinin öz stadionu yenidən təmirə bağlandığından Kurban Berdıyevin rəhbərlik etdiyi komanda bu görüşə ev sahibi qismində çıxacaq.
Hər iki klub 27 xala malikdir. Rəqibindən bir oyun az keçirən "Turan Tovuz" dördüncü, "Sumqayıt" isə beşincidir. Turnir cədvəlinə isə 37 xalla "Sabah" başçılıq edir. 6 xalı olan "Karvan-Yevlax" sonuncu - on ikinci pillədə yer alıb.
Misli Premyer Liqası
II dövrə, XVII tur
25 yanvar
16:00. "Turan Tovuz" – "Sumqayıt"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.VAR: Cavid Cəlilov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:30. "Sabah" – "Karvan-Yevlax"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov.
VAR: Əli Əliyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
"Bank Respublika Arena"
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. "Qəbələ" "Şamaxı"nı (4:0), "Kəpəz" isə "Qarabağ"ı (2:0) məğlub edib.