Politico: “ABŞ daha bir ölkədə rejim dəyişikliyinə başlayıb...”

24 Yanvar 2026 18:34 (UTC+04:00)

...Tramp administrasiyası rejim dəyişikliyinə məcbur etmək üçün təzyiq vasitəsi olaraq Kubaya neft idxalına tam blokada tətbiq etməyi düşünür.

SİA xəbər verir ki, müzakirələrlə tanış olan üç mənbə Politico-ya bildirib.

Onların sözlərinə görə, bu tədbir hələ təsdiqlənməyib, lakin Kubanın kommunist hökumətini devirmək üçün istifadə edilə biləcək variantlar arasında yer alır.

Üç mənbədən ikisinə görə, təşəbbüs administrasiya daxilində Kuba hökumətinin tənqidçiləri tərəfindən fəal şəkildə təşviq olunur və ABŞ dövlət katibi Marko Rubionun dəstəyini alıb. Lakin Ağ Evdə belə bir radikal addımın məqsədəuyğunluğu ilə bağlı müzakirələr davam edir.

Venesuela neft ehtiyatlarının itirilməsi, eləcə də Havananın xarici valyuta qazanmaq üçün istifadə etdiyi bu həcmlərin bəzilərinin yenidən satışından əldə edilən gəlirin itirilməsi artıq Kuba iqtisadiyyatını ciddi şəkildə zəiflədib.

Tam blokada əleyhdarlarının fikrincə, neft idxalının daha da məhdudlaşdırılması adada humanitar böhrana səbəb ola bilər.

Buna baxmayaraq, müzakirələrin özü Tramp administrasiyasının Vaşinqtonun düşmən hesab etdiyi Latın Amerikası hökumətlərini devirməyə yönəlmiş diqqətinin nə qədər dərin kök saldığını göstərir.

Bunu Politico qeyd edir.

Nəşrin mənbələrindən biri enerji sektorunu Kuba rejiminin süqutuna səbəb ola biləcək "boğucu" kimi təsvir edib. O, həmçinin bildirib ki, Ağ Ev 1959-cu il inqilabından bəri hakimiyyətdə olan Kuba rəhbərliyinin devrilməsini "2026-cı ildə 100 faiz baş verən hadisə" kimi görür.

Mənbə qeyd edib ki, bu hərəkətlər ABŞ-ın Kubaya qarşı ticarət və maliyyə embarqosunu təsbit edən Helms-Burton Aktı kimi tanınan 1994-cü il LIBERTAD Aktının müddəaları ilə əsaslandırıla bilər.

Kubanın neftə çıxışının tamamilə kəsilməsi ideyası artıq sərt respublikaçılar tərəfindən açıq şəkildə dəstəklənib.

...Bir qəpik də, bir damla da olsun. Kubaya heç nə getməməlidir, - Florida ştatından Respublikaçı senator Rik Skott bəyan edib.

“The Wall Street Journal” məlumatlı mənbələrə istinadən əvvəllər Tramp administrasiyasının Kuba hökuməti daxilində 2026-cı ilin sonuna qədər mövcud rejimi devirməyə kömək edə biləcək bir şəxs axtardığını bildirmişdi.

Vaşinqton strateqlərinin fikrincə, Kuba iqtisadiyyatı Venesuela dəstəyini itirdikdən sonra “çökmə həddindədir” və hökumət heç vaxt bu qədər həssas olmayıb.

Uyğun namizəd axtarışında ABŞ rəsmiləri Mayami və Vaşinqtonda kubalı mühacirlər ilə görüşürlər.

Lakin, nəşrin qeyd etdiyi kimi, Ağ Evin hələlik Kubada rejim dəyişikliyi üçün konkret planı yoxdur.

Bu fonda ABŞ Dövlət Departamenti Kubanın “ABŞ-ın düşmənləri”nin hərbi və kəşfiyyat xidmətlərini qəbul etməkdən imtina edən “səlahiyyətli demokratik hökumət” tərəfindən idarə olunmasının Amerika milli təhlükəsizliyinin maraqlarına uyğun olduğunu bildirən bir bəyanat yayıb.

Əli Babayev