Bu gün İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq, parlament və xaricdə yaşayan iranlılarla işlər üzrə müavini Vəhid Cəlalzadənin Bakıda mətbuat üçün brifinqi keçirilib.
SİA xəbər verir ki, Vəhid Cəlalzadə bir neçə həftə öncə İran İslam Respublikasında baş vermiş iğtişaşlar barəsində məlumat verib.
O bildirib ki, 8-9 yanvar tarixləri ərzində İran İslam Respublikasında baş verən hadisələrini terror aktı kimi qiymətləndirir:
“Bu iğtişaşlar zamanı 300 polis əməkdaşı şəhid olub. Adətən beynəlxalq səviyyədə baş verən aksiyalarda etirazçılar şəhid olur. Bu aksiyada isə bu qədər polisin şəhid olması birbaşa olaraq terror aktı olduğunu nümayiş etdirir.
Aksiyaların başlanmas səbəbi iqtisadi-sosial məsələlər, qiymət artımlarıdır və aksiya bazar əsnafları tərəfindən başladılmışdır. İğtişaşlar etirazçıların Nazirlər Kabinetində nazirlərlə görüşü ilə razılaşma nəticəsində bitmişdir.
V.Cəlalzadə qeyd edib ki, 8-9 yanvar tarixlərindəki iğtişaşların başlanma səbəbi sosial-iqtisadi məsələlər olsa da, gedişat bunu təsdiq etmirdi. Çünki sivil etirazçıların əlində bu qədər silah olmur.
Etirazçılar arasında həyatını itirənlərdən götürülən nümunələr göstərir ki, həmin güllələr İran İslam Respublikasının güc qüvvələrinin silahına aid deyil.
Bildirilib ki, iğtişaşlar zamanı 305 avtobus, 700 satış mərkəzi, 300 yaşayış binası, 750 bank, 414 dövlət binası 749 polis binası, 200 orta məktəb, 350 məscid, 15 kitabxana və 254 avtobus dayanacağı dağıdılıb.
İki gün ərzində 3117 nəfər şəhid olub. Hansı ki, onlardan 2427 nəfəri sıravi vətəndaşlar və polislər, 690 nəfəri isə terrorçular olub.
Sonda jurnalistlərin sualları cavablandırılıb.