“Bu təmas ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün mühüm zəmin yaradır” -ŞƏRH OLUNDU

23 Yanvar 2026 19:42 (UTC+04:00)

"Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüş iki ölkə arasında siyasi dialoqun və strateji əməkdaşlığın mühüm mərhələsi kimi qiymətləndirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, görüş zamanı regional və qlobal təhlükəsizlik məsələləri, beynəlxalq münasibətlərdə mövcud çağırışlar, eləcə də qarşılıqlı maraq doğuran siyasi gündəm ətrafında geniş fikir mübadiləsi aparılıb:

"Bu təmas Azərbaycanın beynəlxalq platformalarda fəal diplomatik xəttinin davamı kimi diqqət çəkir. Müzakirələrdə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi, postmünaqişə dövründə yaranmış yeni reallıqlar və regional əməkdaşlıq imkanları xüsusi vurğulanıb. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyini, kommunikasiyaların açılmasının və nəqliyyat-logistika xətlərinin bərpasının region üçün strateji əhəmiyyətini diqqətə çatdırıb. ABŞ tərəfinin bu proseslərə verdiyi siyasi dəstək regional təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm amil kimi dəyərləndirilib.

Görüşdə enerji təhlükəsizliyi məsələləri də əsas müzakirə mövzularından biri olub. Azərbaycanın Avropanın və regionun enerji təminatında artan rolu, enerji resurslarının şaxələndirilməsi və etibarlı tərəfdaş kimi mövqeyi ABŞ tərəfindən yüksək qiymətləndirilib. Bu kontekstdə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Eyni zamanda iqtisadi əməkdaşlıq və investisiya imkanları da görüşün gündəliyində yer alıb. ABŞ şirkətlərinin Azərbaycanda fəaliyyəti, qeyri-neft sektorunda əməkdaşlıq potensialı və innovasiya yönümlü layihələrə maraq xüsusi qeyd olunub. Bu məqamlar ikitərəfli iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün yeni imkanların mövcudluğunu göstərir.

Görüşün Davos kimi nüfuzlu beynəlxalq platformada baş tutması onun siyasi çəkisini daha da artırır. Bu təmas ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün mühüm zəmin yaradır, eyni zamanda Azərbaycanın balanslı, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət kursunun beynəlxalq səviyyədə qəbul edildiyini bir daha nümayiş etdirir".