Azərbaycan dilinin saflığı milli varlığımızın əsas göstəricisidir

23 Yanvar 2026 17:43 (UTC+04:00)

Dil insanın varlığını və kimliyini ifadə edən əsas vasitələrdən biridir. Azərbaycan dili xalqın və dövlətin dili olduğuna görə onun saflığının qorunması həm dövlətin, həm də ictimaiyyətin vəzifəsidir. İctimaiyyətin önündə gedən isə onun ziyalıları, yazıçıları, jurnalistləri və alimləridir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, dilin saflığının qorunması həm də millətin öz saflığının qorunması deməkdir: “Dilin saflığını qorumasaq, nəsildən-nəslə keçdikcə dil daha da çirklənər, korlanar. Dil öz bədii və siyasi xüsusiyyətlərini itirməklə yanaşı, əhəmiyyətini də itirə bilər. Biz milli varlığımızın əsas göstəricilərindən biri olan Azərbaycan dilinin saflığını qorumalıyıq. Bu proses ailədən başlayaraq məktəbdə, uşaq bağçasında davam etməlidir. İctimai-siyasi mühitdə də dilimizə həmişə diqqətlə yanaşmalıyıq. Yad sözlərdən mümkün qədər az istifadə etməliyik. Bəzi hallarda beynəlxalq terminlər istisna olmaqla, dilimiz kifayət qədər zəngindir. Dilimizin qorunması üçün hər birimiz məsuliyyət daşıyırıq. Dilini qoruya bilməyən millət milli varlığını və dövlətini qoruya bilməz, öz kimliyini dünyaya bəyan edə bilməz”.