Misli Premyer Liqasında 2026-cı ilin ilk oyununda heç-heçə qeydə alınıb.
SİA-nın məlumatına görə, XVII turun birinci matçında "İmişli" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Quba Olimpiya İdman Kompleksinin stadionunda gerçəkləşən qarşılaşma 2:2 hesabı ilə bitib.
5-ci dəqiqədə "İmişli"nin heyətində Luis Silvestr hesabı açıb. Naxçıvan klubundan Şarl Boli 14-cü dəqiqədə tarazlığı bərpa edib.
Meydan sahiblərinin hücumçusu Dioqo Almeyda 84-cü dəqiqədə adını tabloya yazdırıb. 90+1-ci dəqiqədə isə qonaqlardan Ramon Maçado görüşdə son nöqtəni qoyub.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 27 xalla 5-ci, "İmişli" 18 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci oyununda "Neftçi" "Zirə"ni qəbul edəcək.
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.