Sülh gündəliyi və strateji tərəfdaşlıq: Azərbaycan–ABŞ görüşünün Əhəmiyyəti” - DEPUTAT DANIŞDI

23 Yanvar 2026 16:14 (UTC+04:00)

“Sülh təşəbbüsləri çərçivəsində Azərbaycanın beynəlxalq platformalarda təmsil olunması, o cümlədən ABŞ dövlət başçısı ilə keçirilən görüş və Zəngəzur dəhlizi məsələsinin müzakirəsi mühüm siyasi əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, görüş zamanı ABŞ-ın regionda dayanıqlı sülhün təmin olunmasına verdiyi dəstək, habelə kommunikasiya xətlərinin açılmasının regional təhlükəsizliyə və əməkdaşlığa təsiri diqqət mərkəzində olub:

”Bu məqamlar Azərbaycanın sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul edildiyini və dəstəkləndiyini göstərir.

Qeyd olunan görüşün ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcəyi gözlənilir. Xüsusilə Zəngəzur dəhlizi kimi strateji əhəmiyyətə malik layihələrin müzakirəsi iki ölkə arasında siyasi dialoqun dərinləşməsinə, eyni zamanda iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsinə zəmin yaradır. ABŞ-ın bu prosesə verdiyi siyasi dəstək regionda uzunmüddətli sabitliyin və qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verə bilər.

Bununla yanaşı, görüş sülh şurası ərəfəsində keçirildiyi üçün xüsusi əhəmiyyət kəsb edir. Müzakirələr zamanı Azərbaycanın gələcək inkişaf prioritetləri, regional kommunikasiya xətlərinin açılmasının ölkə iqtisadiyyatına, tranzit potensialına və beynəlxalq ticarət əlaqələrinə mümkün təsirləri geniş şəkildə nəzərdən keçirilib. Bu məsələlər Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi perspektivini daha da gücləndirir.

Eyni zamanda, belə yüksək səviyyəli təmaslar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və müstəqil xarici siyasət xəttinin möhkəmlənməsinə xidmət edir. Sözügedən görüşü regionda sülhün möhkəmləndirilməsi, strateji əməkdaşlığın inkişafı və Azərbaycanın uzunmüddətli milli maraqlarının təmin olunması baxımından faydalı və perspektivli diplomatik addım kimi qiymətləndirmək mümkündür”.