Dieta proqramlarının hansı zərərləri var? - EKSPERT AÇIQLADI

23 Yanvar 2026 15:20 (UTC+04:00)

Dieta proqramları son illərdə Azərbaycanda geniş yayılıb və xüsusilə, sosial şəbəkələr, fitnes mərkəzləri, eləcə də onlayn platformalar vasitəsilə populyarlıq qazanıb. Elmi baxımdan bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz. Bəs, dieta proqramlarının hansı zərərləri var?

Məsələ ilə bağlı qida üzrə mütəxəssis Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, çox vaxt dieta proqramı dedikdə hamı üçün eyni şablon menyu, eyni kalori hədəfi və eyni qaydalar tövsiyə olunur:

“Məhz problem də buradan başlayır. İnsan orqanizmi orta statistik deyil. Yaş, cins, gündəlik aktivlik, yuxu, stress, xəstəlik tarixi, dərmanlar, hətta iş rejimi belə nəticəni və riskləri dəyişir.

Çox aşağı kalorili planlar ilk həftələr sürətli çəki itkisi verir. İtkinin bir hissəsi su və əzələ kütləsi ola bilər. Bədən enerji çatışmazlığını hiss edəndə hərəkəti azaldır. İştahanı artıran siqnallar isə güclənir. Nəticədə dieta bitdi, çəki qayıtdı dövrü başlayır. Bu hal iradəsizlik deyil, bədənin adaptasiyasıdır. Zülal azalır, məşq edilirsə, kalori də kəskin aşağıdırsa, bədən əzələni də yanacaq kimi istifadə edə bilir. Əzələmiz azalanda güc, dözümlülük, hətta gündəlik enerji səviyyəmiz düşür. Uzun müddətdə bu hal bədən kompozisiyasına da pis təsir edir. Çəki azalır, amma forma istənilən kimi olmur. Bir neçə məhsuldan ibarət menyu, detoks, tam karbohidratsız kimi dieta modelləri bəzən lifin, dəmirin, kalsiumun, folatın, B qrup vitaminlərinin və s. azalmasına gətirib çıxarır. Bu da qəbizlik, saç tökülməsi, dırnaq zəifliyi, halsızlıq kimi gündəlik şikayətlərə çevrilə bilər. Hamıda eyni olmur, amma risk realdır. Lif birdən-birə çoxaldılanda köp, ağrı, qaz arta bilir. Kəskin azaldılanda isə qəbizlik baş verə bilir. Sağlam gördüyümüz planın həzmə uyğun gəlməməsi mümkündür. Xüsusilə qıcıqlanmış bağırsaq sindromu olanlarda şablon dieta yanaşması daha çox problem yaradır.

Çox uzun müddət ac qalmaq, ya da gün ərzində qeyri-bərabər qidalanmaq bəzi insanlarda başgicəllənmə, əsəbilik, diqqət azalması yaradır. Diabet, insulin müqaviməti, bəzi dərmanlardan istifadə olanlarda isə məsələ daha həssas ola bilər. Xüsusən qadınlarda uzunmüddətli kəskin kalori kəsiri, çox aşağı yağ qəbulu menstrual dövrə təsir edə bilər. Amma bu mövzu fərdidir. Bəzisində heç nə olmur, bəzisində gecikmə, nizamsızlıq görünür. Qidanı günah kimi görmək, sosial mühitdən uzaqlaşmaq, hər tikəni hesablamaq, pozduğum üçün hər şey batdı düşüncəsi dieta proqramlarının ən görünməyən zərəridir. Bu hal yemək davranışlarımızı daha da sərtləşdirə bilər. Bəzi insanlarda yemə pozuntularını, həddindən artıq məhdudiyyət və sonra nəzarətsiz yemək halları artıra bilər.
Yüksək təzyiq, böyrək problemləri, öd daşı, qastrit, hamiləlik, laktasiya, yeniyetməlik dövrü kimi vəziyyətlərdə standart planlar zərərli ola bilər. Məsələn, çox yüksək zülal hər kəsə uyğun deyil. Çox duzsuz plan hər kəsdə təhlükəsiz olmaya bilər. Bəzi əlavələr dərmanlarla uyğun gəlməyə bilər. Deyək ki, hər hansı dieta proqramı tətbiq edirik. Əgər davamlı halsızlıq, başgicəllənmə, yuxu pozulması, menstrual dəyişiklik, saç tökülməsi, qəbizlik, ishal, əsəbilik, məşq performansının aşağı düşməsi kimi hallar baş verirsə, demək bu proqram orqanizmə uyğun gəlmir. Hər biri tək-tək başqa səbəbdən də ola bilər. Amma üst-üstə düşəndə artıq şablon menyunun uyğun olmadığını demək üçün əsas yaradır. Problem hamı üçün eyni reseptdədir. Ən düzgün yanaşma isə öz bədənimizi tanıyıb, planı öz həyat rejimimizə uyğunlaşdırmaqdır”.