Nəhəng L'Epoque icraçı sedanı İtaliyada təqdim edildi...

23 Yanvar 2026 21:56 (UTC+04:00)

...İtalyan dizayn studiyası Aznom qeyri-adi bir icraçı sedan olan L'Epoque yaratdı.

Bu nəhəng 8 metrlik Art Deco üslublu avtomobil 1000 at gücündə elektrik mühərrikinə malikdir.

SİA xəbər verir ki, Carscoops-a görə, yeni Aznom L'Epoque hazırda konseptdir, lakin şirkət bu nəhəng avtomobili sifarişlə istehsal etməyə hazırdır.

Aznom L'Epoque sedanının uzunluğu 8 metrdir ki, bu da həm Rolls-Royce Phantom EWB-dən, həm də əksər limuzinlərdən daha uzundur.

Bunun üçün möhkəm bir çərçivə və nəhəng 30 düymlük təkərlər tələb olunurdu. Aznom dizaynerləri Art Deco üslubundan və 1920-ci və 1930-cu illərin eksklüziv icraçı avtomobillərindən ilhamlanıblar.

Sedan uzun kapot, yüksək pəncərə xətti və konik arxa hissə ilə monumental dizayna malikdir.

Geniş, Rolls-Royce-dan ilhamlanan barmaqlıq nazik LED faralar ilə birləşdirilib. Aznom L'Epoque-un ön qapısı sürüşkəndir, arxa qapı isə iki hissədən ibarətdir: aşağı hissə hərəkət istiqamətinə qarşı açılır, yuxarı hissə isə qalxır. Aznom L'Epoque-un ekstravaqant interyeri klassik italyan mebelləri üslubunda dizayn edilib.

Dekorasiya üçün dəri, ağac, məxmər və misdən istifadə olunub.

Maraqlıdır ki, bu nəhəng avtomobildə cəmi beş nəfərlik oturacaq var. Arxa hissədə divan, masa, minibar və ətir atomizatoru olan istirahət zonası yaradılıb. Həmçinin siqar və bahalı büllur qədəhlər üçün çekmece var.

Yeni Aznom L'Epoque hibriddir: ümumi gücü 1000 at gücünə malik dörd elektrik mühərriki, 100 kVt/saat batareya və generator kimi xidmət edən V6 benzin mühərriki ilə təchiz olunub.

Hava asqısı rahat gəzintini təmin edir.

Nazlı Almuradova