“Mən hesab edirəm ki, burada məsələnin kökündə o durur ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərin hamısının təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Yəni, bu təhsil haqqını dövlət ödəyəcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, əlavə dəyişiklik əsasən sosial müdafiəyə ehtiyacı olan şəxslərin bu imkandan daha geniş şəkildə istifadə etməsinə şərait yaradacaq: "Yəni, onlar bu prosesdən yararlanaraq ali təhsillərini davam etdirə biləcəklər. Bu yanaşma bir daha göstərir ki, dövlət sosial həssas təbəqələrin təhsilə çıxış imkanlarını genişləndirməyi prioritet məsələ kimi müəyyənləşdirib. Bu, həm sosial ədalətin təmin olunmasına, həm də cəmiyyətin ümumi intellektual potensialının artırılmasına xidmət edir. Burada yalnız bir istisna mövcuddur və bu da ikinci ali təhsil alan şəxslərlə bağlıdır. Belə ki, ikinci təhsil bu güzəştlərə şamil edilmir. Bu yanaşma tamamilə məntiqlidir, çünki mövcud qanunvericiliyə əsasən, ümumilikdə ikinci ali təhsil ödənişlidir və bu praktika beynəlxalq təcrübəyə də uyğundur. Əsas məqsəd ilk ali təhsilə çıxış imkanları məhdud olan şəxslərin bu baryerlərini aradan qaldırmaqdır.
Edilən dəyişikliklər xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar üçün ali təhsil imkanlarının real və əlçatan olmasını təmin edir. Bu isə uzun illər mövcud olan müəyyən ziddiyyətlərin və qeyri-müəyyənliklərin aradan qaldırılmasına gətirib çıxaracaq. Artıq sosial müdafiəyə ehtiyacı olan şəxslər bu mexanizmlərdən daha sistemli və şəffaf şəkildə faydalana biləcəklər. Qanunvericilikdə bu cür düzəlişlərin edilməsi təkcə təhsil sahəsində deyil, ümumilikdə sosial siyasətdə dövlətin humanist və inklüziv yanaşmasını əks etdirir. Bu addım həm vətəndaşların ali təhsilə olan marağını artıracaq, həm də sosial bərabərliyin təmin olunmasına mühüm töhfə verəcək. Nəticə etibarilə, bu qərar dövlətin xüsusi müdafiəyə ehtiyacı olan şəxslərə göstərdiyi diqqət və qayğının konkret təzahürü kimi qiymətləndirilə bilər".