"Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan görüş regional və qlobal siyasi kontekst baxımından diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu görüş təkcə ikitərəfli münasibətlərin cari vəziyyətini əks etdirmir, eyni zamanda Cənubi Qafqazın dəyişən geosiyasi reallıqları fonunda Vaşinqton-Bakı xəttində formalaşan yeni prioritetlərə işarə edir: "Əvvəla, Tramp administrasiyasının xarici siyasət fəlsəfəsi kontekstində bu görüş xüsusi əhəmiyyət daşıyır. Trampın beynəlxalq münasibətlərə daha praqmatik, ideoloji yüklənmədən uzaq yanaşması Azərbaycanın regional siyasət modeli ilə müəyyən məqamlarda üst-üstə düşür. Bakı uzun illərdir balanslaşdırılmış xarici siyasət yürüdərək həm Qərb, həm də qeyri-Qərb aktorları ilə funksional münasibətlər qurmağa çalışır. Bu mənada Davos görüşü tərəflərin ideoloji deyil, maraqlara əsaslanan dialoqa üstünlük verdiyini göstərir.
Görüşün əsas müzakirə mövzularından birinin regional təhlükəsizlik və postmünaqişə dövrü olduğu ehtimal olunur. Azərbaycan üçün Cənubi Qafqazda davamlı sabitlik, nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi əsas strateji hədəflər sırasındadır. ABŞ isə regionda artan geosiyasi rəqabət fonunda etibarlı tərəfdaşlarla əməkdaşlıqda maraqlıdır. Bu baxımdan Vaşinqton üçün Azərbaycan həm enerji təhlükəsizliyi, həm də regional logistika baxımından vacib aktor olaraq qalır.
Digər mühüm aspekt ABŞ-Azərbaycan münasibətlərinin əvvəlki dövrlərlə müqayisədə daha rasional müstəviyə keçməsi ilə bağlıdır. Trampın siyasi ritorikasına nəzər saldıqda görünür ki, onun üçün müttəfiqlikdən daha çox faydalılıq anlayışı ön plandadır. Azərbaycan isə konkret layihələr, enerji resursları, tranzit imkanları və regional təsir gücü ilə bu yanaşmaya cavab verə bilən nadir ölkələrdəndir. Davosda baş tutan təmas bu mənada münasibətlərin normativ çərçivədən çıxaraq daha çox praktik əməkdaşlıq müstəvisinə keçə biləcəyinə işarə edir.
Eyni zamanda bu görüş Ermənistan-Azərbaycan normallaşma prosesi kontekstində də dəyərləndirilməlidir. ABŞ-ın prosesə birbaşa vasitəçi kimi deyil, daha çox siyasi dəstək verən aktor kimi yanaşması Azərbaycanın maraqlarına uyğundur. Davos dialoqu Vaşinqtonun regionda formalaşmış yeni reallıqları qəbul etdiyini və artıq status-kvoya deyil, faktiki vəziyyətə uyğun siyasət qurmağa çalışdığını göstərə bilər.
Odur ki, keçirilən bu görüş ABŞ-Azərbaycan münasibətlərində praqmatik əməkdaşlığın güclənməsi, regionda sabitliyin və iqtisadi əlaqələrin ön plana çıxması baxımından yeni mərhələnin anonsu kimi qiymətləndirilə bilər".