Ölkəmizə repatriasiya edilən daha 5 nəfərlə bağlı sosial-psixoloji dəstək işləri aparılır - FOTOLAR

23 Yanvar 2026 11:33 (UTC+04:00)

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 5 nəfər (ana və 4 övladı) vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, repatriasiya olunanlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilib.

Növbəti mərhələdə isə agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirməsini aparacaqlar. Hər bir repatriantla bağlı fərdi inkişaf planı hazırlanaraq, həmin plan əsasında aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində onlarla bağlı dəstək tədbirləri davam etdiriləcək.

Son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya olunmuş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 63 repatriantla sosial reabilitasiya işi davam etdirilir.