"Hotellərin fəaliyyəti ulduz kateqoriyaları ilə tənzimlənir" - EKSPERT DANIŞDI

23 Yanvar 2026 11:03 (UTC+04:00)

"Azərbaycanda hotel təsnifatı Milli Ulduz Təsnifatı sisteminə əsaslanaraq beynəlxalq sistemlərin təcrübələrini özündə əks etdirir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.

Kənan Hənifəyev sözlərinə belə davam edib: "Bu sistem hotellərin xidmət keyfiyyətinin, infrastruktur imkanlarının və idarəetmə standartlarının qiymətləndirilməsinə xidmət edir. Ulduz təsnifatı 1, 2, 3, 4 və 5 ulduz kateqoriyalarına ayrılır və hotellərin beynəlxalq standartlara uyğunluğu Dövlət Turizm Agentliyi tərəfindən sertifikasiya edilir. Sertifikasiya prosesi zamanı hotellərin maddi-texniki bazası, xidmət səviyyəsi və təhlükəsizlik tələblərinə əməl olunması əsas meyarlar kimi nəzərə alınır.

Bu sahədə əsas dəstək və monitorinq funksiyasını Azərbaycan Hotellər Assosiasiyası həyata keçirir. Assosiasiya hotellərlə sıx əməkdaşlıq edərək xidmət keyfiyyətinin qorunması, personalın peşəkarlığının artırılması və beynəlxalq turizm tələblərinə uyğunlaşma istiqamətində tövsiyələr verir. Eyni zamanda, mövcud problemlərin aşkarlanması və onların aradan qaldırılması məqsədilə mütəmadi monitorinqlər aparılır.

Ölkəmizdə hotellərin sertifikasiyasının real xidmətdə öz əksini tapdığını demək olar. Belə ki, 5 ulduzlu hotellərin təxminən 85 faizi müvafiq standartlara cavab verir və bu hotellərdə xidmət səviyyəsi, infrastruktur imkanları və personalın hazırlığı yüksək səviyyədə qiymətləndirilir. Bu kateqoriyaya aid olan hotellər əsasən beynəlxalq turistlərin tələblərinə uyğun fəaliyyət göstərir və xidmət keyfiyyətinin davamlılığını qorumağa çalışırlar.

Əsasən 4 və 3 ulduzlu hotellərdə isə mövsümi olaraq xidmət səviyyəsində müəyyən axsamalar müşahidə edilir. Bu hallar daha çox regionlarda yerləşən hotellərdə qeydə alınır və əsas səbəblər sırasında kadr çatışmazlığı, mövsümi turist axını və maliyyə imkanlarının məhdudluğu yer alır. Xüsusilə turizm mövsümündən kənar dövrlərdə xidmətin stabil saxlanılması bəzi hotellər üçün çətinlik yaradır.

Hotellərin doluluq səviyyəsinin yüksəlməsi və qonaq sayının çox olması iaşə obyektlərində xidmətin artırılması üçün ciddi tədbirlərin görülməsinə səbəb olur. Bu dövrlərdə personal sayı artırılır, xidmət çeşidləri genişləndirilir və qonaq məmnunluğunun təmin olunması üçün əlavə resurslar cəlb edilir. Turist axınının azaldığı dövrlərdə isə əməkdaşların müvəqqəti ixtisarı və xidmətlərin daha kompakt formada təşkil edilməsi ilə xidmət səviyyəsində istəmədən orqanik azalmalar baş verir.

Ümumilikdə isə hotellər öz xidmət və infrastruktur keyfiyyətinin qorunub saxlanılması üçün mütəmadi olaraq müxtəlif işlər həyata keçirirlər. Bu istiqamətdə təmir-bərpa tədbirləri görülür, personal üçün təlimlər təşkil olunur və xidmət standartlarının sabit saxlanılmasına xüsusi diqqət yetirilir. Məqsəd həm yerli, həm də xarici turistlər üçün rəqabətqabiliyyətli və dayanıqlı turizm mühitinin formalaşdırılmasıdır".