"Son illər nəqliyyat vasitələrində baş verən yanğın halları təsadüfi deyil və bu hadisələr əsasən texniki, istismar və nəzarət mexanizmlərində mövcud olan sistemli problemlərlə bağlıdır. Avtomobil yanğınlarının böyük əksəriyyəti qəza nəticəsində deyil, öncədən mövcud olan texniki nasazlıqların vaxtında aşkar edilməməsi səbəbindən baş verir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, əsas səbəblərdən biri avtomobillərin elektrik sistemlərində yaranan nasazlıqlardır: "Xüsusilə köhnə nəqliyyat vasitələrində naqillərin izolyasiyasının aşınması, qeyri-peşəkar müdaxilələr, əlavə elektrik avadanlıqlarının (siqnalizasiya, audio sistemlər və s.) düzgün quraşdırılmaması qısaqapanmaya və nəticə etibarilə yanğına səbəb olur. Bu problem texniki baxış zamanı dərin şəkildə yoxlanılmadıqda risk daha da artır. İkinci mühüm amil yanacaq sistemindəki sızmalar və keyfiyyətsiz yanacaq istifadəsidir. Yanacaq borularının köhnəlməsi, rezin hissələrin deformasiyası, eləcə də bazarda dövriyyədə olan standartlara cavab verməyən yanacaq mühərrikdə həddindən artıq qızmaya və alışma riskinə gətirib çıxarır. Təəssüf ki, yanacaq keyfiyyətinə nəzarət mexanizmləri bəzən formal xarakter daşıyır və bu da təhlükəsizlik baxımından ciddi boşluq yaradır.
Digər bir səbəb isə mühərrikin soyutma sistemindəki problemlərdir. Antifrizin vaxtında dəyişdirilməməsi, radiatorun çirklənməsi və ya ventilyatorun düzgün işləməməsi mühərrikin normadan artıq qızmasına səbəb olur. Bu isə həm yağın alışma ehtimalını artırır, həm də plastik və rezin hissələrin yanmasına zəmin yaradır. Burada xüsusilə vurğulanmalı məqam texniki baxış sistemində mövcud olan çatışmazlıqlardır. Bir çox hallarda texniki baxış yalnız sənəd üzərində aparılır, real mexaniki və elektron yoxlamalar isə lazımi səviyyədə həyata keçirilmir. Bu da potensial təhlükə yaradan nasazlıqların vaxtında aşkarlanmasına mane olur. Halbuki müasir yanaşma texniki baxışın yalnız formal prosedur deyil, real təhlükəsizlik filtri kimi işləməsini tələb edir.
İstismar qaydalarına əməl olunmaması da yanğın riskini artıran faktorlardandır. Avtomobillərin uzun müddət servisə göstərilməməsi, istehsalçı tövsiyələrinə uyğun olmayan ehtiyat hissələrinin istifadəsi və sürücülərin texniki savadlılıq səviyyəsinin aşağı olması problemin dərinləşməsinə səbəb olur. Bir çox sürücü avtomobildə yaranan ilkin əlamətləri yanıq qoxusu, tüstü, temperatur göstəricilərində anomaliyanı ciddi təhlükə siqnalı kimi qəbul etmir. Nəqliyyat vasitələrində baş verən yanğınların qarşısının alınması üçün texniki baxışın real və şəffaf keçirilməsi, yanacaq bazarına nəzarətin gücləndirilməsi, eləcə də sürücülərin istismar mədəniyyətinin artırılması vacibdir. Bu sahədə sistemli islahatlar aparılmadığı təqdirdə, avtomobil yanğınları təkcə maddi zərər deyil, eyni zamanda insan həyatı üçün ciddi risk olaraq qalmağa davam edəcək".