Qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirləri keçirilib

22 Yanvar 2026 18:27 (UTC+04:00)

Ötən il Azərbaycan Qida Təhlükəsizliyi Agentiyi tərəfindən 32 su istehsalı müəssisəsində yoxlama keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı 24 su istehsalı müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bununla əlaqədar sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülüb və icrası məcburi göstərişlər verilib. Həmçinin aşkarlanan nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul edilib.

Yoxlama zamanı əsasən müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması, texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi, etiket məlumatlarında qanunvericiliyə uyğun zəruri məlumatların qeyd olunmaması, suyun sınaq nəticələrinin normalara uyğun olmaması, işçilərin gigiyena qaydalarına əməl etməməsi, ilkin və dövri tibbi müayinədən keçməməsi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması kimi uyğunsuzluqlar aşkarlanıb.

Yoxlama çərçivəsində götürülmüş nümunələrin minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinəsi nəticəsində 28 nümunədə uyğunsuzluq aşkar olunaraq həmin məhsulların dövriyyədən çıxarılması təmin edilib.

Eyni zamanda, aparılan monitorinqlər çərçivəsində 34 su istehsalı müəssisəsindən, eləcə də yol kənarlarında və binaların həyətlərində quraşdırılmış 57 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 31 su istehsalı müəssisəsindən götürülmüş 32 nümunədə, həmçinin 33 su aparatından götürülmüş nümunələrdə mikrobioloji göstəricilər üzrə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülərək icrası məcburi göstərişlər verilib.

Aparılan bütün nəzarət tədbirləri nəticəsində müəssisələrdə sağlamlaşdırıcı işlərin görülməsi, həmçinin məhsulların etiketlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib.