"Cənab Prezident İlham Əliyev dəfələrlə “Qarabağ” klubunu qəbul edib və onların qazandığı nəticələri, gördükləri işi yüksək qiymətləndirib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da hər dəfə bu mövzuda danışanda, dövlət başçısının verdiyi dəyərin böyük motivasiya olduğunu dilə gətirib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Uzun illərdir ki, futbol meydanlarında qazanılan nəticələr həm “Qarabağ”ı dünyaya daha çox tanıtdırır, həm Qarabağımızı: "Bu, yalnız bir klubun uğur hekayəsi deyil. Bu, həm də siyasətdən uzaq, futbola yaxın olan başqa ölkə vətəndaşlarının “Qarabağ”la yanaşı, tarixi torpağımız olan Qarabağı da tanımasına səbəb olan hadisədir. Uzun illərdir avrokuboklarda “Qarabağ”a qarşı olan hakim ədalətsizliyinə gəlincə, təəssüf ki, bu, bitmək bilməyən proses təsiri bağışlayır. Səhvlər bir deyil, iki deyil... Artıq cənab Prezident İlham Əliyev də bunun yolverilməzliyini vurğulayır. Biz siyasi proseslərdə olduğu kimi, idman sahəsində də ikili standartlar siyasətinin şahidiyik.
Əsas odur ki, “Qarabağ” çətinliklərə rəğmən xalqımızı sevindirə bilir. Əminəm ki, bizi qarşıda daha böyük qələbələr gözləyir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, “Qarabağ” klubunun uğurları ardıcıl və sistemli işin, peşəkar idarəetmənin və dövlətin idmana göstərdiyi diqqətin real nəticəsidir. Klub illərdir stabil şəkildə Avropa arenasında çıxış edərək Azərbaycan futbolunun səviyyəsini nümayiş etdirir və ölkəmizi layiqincə təmsil edir. Bu uğurlar gənc futbolçular üçün də böyük stimul yaradır, onlarda beynəlxalq arenada oynamaq, ölkə adını yüksəklərə qaldırmaq inamını gücləndirir.
Xüsusilə vurğulanmalıdır ki, “Qarabağ” təkcə idman nəticələri ilə deyil, həm də daşıdığı simvolik məna ilə seçilir. Klubun adı, forması və Avropa stadionlarında səslənən “Qarabağ” sözü Azərbaycan həqiqətlərinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu mənada “Qarabağ” futbol klubu qeyri-rəsmi diplomatik missiya daşıyıcısı kimi çıxış edir və ölkəmizin haqq səsinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verir. Bütün bunlara baxmayaraq, “Qarabağ”ın meydandakı mübarizliyi, əzmkarlığı və sona qədər inanması xalqın sevgisini daha da artırır. Komanda sübut edir ki, istənilən maneəni birlik, səbr və peşəkarlıqla aşmaq mümkündür. Məhz bu ruh və yanaşma “Qarabağ”ı xüsusi edir və gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaradır".