Sülh Şurası… - ANALİZ

22 Yanvar 2026 16:37 (UTC+04:00)

BMT-yə alternativ, yoxsa?

Dünyanın ölkələri arasında ABŞ prezidenti Donald Trampın yaratdığı Sülh Şurası barədə fikirlər birmənalı deyil. Xüsusən də Avropada bu fikrin əlehdarları daha çoxdur. “Qoca qitə”nin təmsilçiləri 80 il əvvəl yaratdıqları BMT-nin tarixə qovuşmasından bir o qədər də məmnun deyillər. Bu da təsadüfi deyil, avropalılar uzun illər yaradılməç nizamdan hələ usanmadıqlarını, dolayısı ilə bu tərtibin onları razı saldığını büruzə verirlər. Üstəlik Trampın Siyasi Şuraya daimi üzv olmaq istəyən dövlətlərə şərt qoyması Avropa dövlətlərinin maraqlarına zidd kimi təqdim olunur.

Maraqlıdır, yeni yaranacaq qurum həqiqətən Birləşmiş Millətlər Təşkilatına alternativ kimi görünür. Bloomberg mənbələrə istinadən bildirib ki, Ağ Ev Sülh Şurasında daimi üzvlük istəyən ölkələrin hər birindən 1 milyard dollar ianə tələb edir. Təşkilatın nizamnamə layihəsində Trampın şuraya sədrlik edəcəyi, üzvlərinə nəzarət edəcəyi və bütün qərarları təsdiqləyəcəyi nəzərdə tutulur. Tramp Davosda, Dünya İqtisadi Forumunda Sülh Şurası haqqında çıxış etməyi planlaşdırır. Sülh Şurası "məqsədi sabitliyi təşviq etmək, sağlam və qanuni idarəetməni bərpa etmək və münaqişənin davam etdiyi və ya təhdid edildiyi bölgələrdə davamlı sülhü təmin etmək olan beynəlxalq təşkilat" kimi təsvir olunur.

Milyard dollarlıq ianə olmadan Sülh Şurasına üzvlük yalnız üç il davam edəcək və "sədrin qərarı ilə yenilənmə ehtimalı ilə". Donald Tramp sədrliyi öz üzərinə götürəcək və Sülh Şurasına kimin dəvət olunacağına qərar verəcək. Bu təşkilatda qərarlar səs çoxluğu ilə qəbul edilməlidir və hər bir üzv dövlət bir səsə malikdir. Lakin bu ümumi qərarın qəti olması üçün sədrin, yəni Trampın təsdiqi tələb olunacaq. O, həmçinin iclasların gündəliyini təsdiqləyəcək. Bundan əlavə, Tramp istənilən üzv dövləti xaric etmək səlahiyyətinə malik olacaq, digərləri isə onun qərarını üçdə iki səs çoxluğu ilə bloklaya bilərlər. Trampdan başlayaraq sədrin varisi onun tərəfindən seçiləcək.

Sülh Şurasının ildə ən azı bir dəfə müntəzəm olaraq görüşməsi gözlənilir və sədrin qərarı ilə əlavə iclaslar təyin edilə bilər. Bundan əlavə, Sülh Şurasının icra heyəti ilə səsvermə olmadan müntəzəm iclasları rübdə ən azı bir dəfə planlaşdırılır. Təşkilatın nizamnaməsi və təsis sənədlərinin ilk üç dövlətin qoşulmasından sonra təsdiqlənməsi təklif olunur ki, bunlardan birincisi açıq-aydın ABŞ-dır.

Tənqidçilər Trampın yaratdığı təşkilatın ABŞ prezidentinin uzun müddətdir ki, qeyri-funksional adlandırdığı BMT-nin "rəqibinə" çevriləcəyindən narahatdırlar. Layihədə Trampın maliyyə töhfələrinin hara və necə xərcləndiyinə təkbaşına nəzarət etmək niyyətində olduğu və bunun potensial üzv ölkələrin müqaviməti ilə qarşılaşacağı gözlənilir. Bəzi dəvət olunmuş ölkələrin təklif olunan nizamnamə layihəsini artıq tənqid etdiyi bildirilir.

Kimlər dəvət olunub?

Yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalayıblar.

ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində çıxış edərək İsraildə girovların geri qaytarılmasından və Qəzzanın yenidən qurulması ilə bağlı planlarından danışıb. Tramp bildirib ki, bu proses çətin işdir və HƏMAS-dan sonuncu girovun cəsədinin qaytarılmasını tələb edib. O, Qəzzanın gözəl şəkildə yenidən qurulacağını və bu prosesdə çox uğurlu olacağını deyib. “Biz demək olar ki, istədiyimiz hər şeyi edə bilərik”, - deyə Tramp bildirib, lakin dərhal əlavə edib ki, bunu BMT ilə birgə həyata keçirəcək.

“BMT-nin böyük potensialı var, amma ondan istifadə etmir”, – deyə Tramp vurğulayıb. ABŞ Prezidentinin sözlərinə görə, o, sona çatdırdığını iddia etdiyi səkkiz müharibənin heç biri barədə BMT ilə danışmayıb. Donald Tramp əlavə edib ki, BMT kifayət qədər səy göstərməyib və həmin müharibələri bitirə bilməyib.

Qeyd edək ki, Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında görüş keçirilib. Bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verib.

Görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulanıb.

Dövlətimizin başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunub. Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirib. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğulayıb.

Dövlətimizin başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib. Söhbət zamanı ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunulub, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edilib. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirilib.

Söhbət əsnasında dövlət başçıları ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərimizin dərinləşdirilməsində rolunu qeyd ediblər.

Tramp Argentina və Kanadanı, eləcə də bir neçə Avropa ölkəsini Qəzza Sülh Şurasına (ümumi Sülh Şurasının "çətiri altında" ayrı bir qrup) qoşulmağa dəvət edib. Bloomberg-dəki anonim mənbəyə görə, Tramp maliyyə yardımlarını əsasən Qəzza zolağının yenidən qurulması üçün istifadə etmək istəyir. Təşkilatın icraçı şurasına ABŞ dövlət katibi Marko Rubio, Trampın xüsusi elçisi Stiv Vitkoff, Trampın kürəkəni Cared Kuşner və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrin daxil olması gözlənilir - bu, üzvlərin tam siyahısı deyil.

18 yanvarda Macarıstanın Baş naziri Viktor Orban Qəzza Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul edib. Kremlin məlumatına görə, Rusiya lideri Vladimir Putin də diplomatik kanallar vasitəsilə Qəzza Sülh Şurasına qoşulmaq üçün dəvət alıb. Hətta Lukaşenko belə bir Qəzza Şurasına qoşulmaq üçün dəvət alıb.

Makron buna qarşıdırmı?

Bloomberg Fransa liderinə yaxın bir mənbəyə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın yaratdığı Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul etməyəcək. Mənbənin məlumatına görə, Makronun Trampın Fransanı yaratdığı Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul etmək planı yoxdur. Makronun sözlərinə görə, təşkilatın nizamnaməsi Qəzza məsələsindən kənara çıxır və BMT prinsiplərinə və institutlarına hörmətlə bağlı narahatlıqlar doğurur.

Almaniya da ABŞ prezidentindən yaratdığı Sülh Şurasına qoşulmaq üçün dəvət alan ölkələr arasındadır. Almaniya hökumətinin sözçüsü Stefan Kornelius qeyd edib ki, kansler Fridrix Merz Almaniyanı Donald Tramp tərəfindən yaradılan Sülh Şurasına qoşulmaq üçün dəvət alıb və hökumət dəvətə görə ABŞ-a təşəkkür edib. Onun sözlərinə görə, hələlik heç bir qərar verilməyib; hökumət dəvətə cavab vermək üçün tərəfdaşları ilə məsləhətləşmələr aparmağı planlaşdırır. "Əsas məqsədimizə - Qəzzada davamlı sülhün təmin edilməsinə nail olmağın ən yaxşı yolu üzərində koordinasiya edəcəyik... Biz dünyada sülhün təmin edilməsi məqsədini bölüşürük və bunu necə birlikdə edə biləcəyimizi ABŞ və tərəfdaşlarımızla müzakirə etməyə hazırıq", Stefan Kornelius qeyd edib.

V.VƏLİYEV