"ABŞ Prezidenti Donald Trampın təşəbbüsü kimi təqdim olunan “Sülh Şurası”na təsisçi dövlətlərdən biri qismində Azərbaycanın dəvət olunmasını mən, ilk növbədə, Azərbaycan Respublikasına və onun dövlət başçısına verilən yüksək qiymət kimi dəyərləndirirəm". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Tahir Kərimli deyib.

Onun sözlərinə görə, bu dəvət onu göstərir ki, Azərbaycan Prezidenti həm şəxsiyyət, həm də lider kimi özünü həm tarixdə, həm də müasir dövrdə təsdiqləmiş dövlət başçılarındandır: "Bu cür diqqət və ehtiram hər liderə göstərilmir və bu, cənab Prezidentin beynəlxalq nüfuzunun və yüksək reytinqinin nəticəsidir.
Eyni zamanda Azərbaycanın bu dəvəti qəbul etməsi onu göstərir ki, ölkəmiz artıq təkcə regional deyil, daha geniş coğrafiyada sülh təşəbbüslərində rol oynayan, hesab edilən və nüfuzu qəbul olunan bir aktora çevrilib. Xüsusilə Qarabağ münaqişəsindən sonra formalaşan yeni reallıqlar, Azərbaycanın sülh gündəliyini irəli sürməsi və regional sabitliyin qurulmasına yönələn xətti beynəlxalq səviyyədə də diqqətlə izlənilir.
Bu baxımdan Azərbaycanın adının böyük dövlətlərlə bir sırada çəkilməsi, rolunun və əhəmiyyətinin qeyd olunması mühüm göstəricidir. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir.
Məncə, bu, Azərbaycan üçün böyük beynəlxalq diplomatik uğurdur. Azərbaycan bu imkanlardan maksimum dərəcədə faydalanmalıdır və düşünürəm ki, faydalanacaq. Dövlət başçısının yürüdüyü siyasət Azərbaycanın bu tip təşəbbüslərdə daha fəal iştirak etməsinə, mövqelərini möhkəmləndirməsinə və gələcəkdə də sülh proseslərinə real töhfələr verməsinə imkan yaradır".