Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

22 Yanvar 2026 15:15 (UTC+04:00)

Yanvarın 22-də Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

SİA xəbər verir ki, komitə sədri Şahin İsmayılov iclasın gündəliyinə iki məsələnin - komitənin 2025-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini deyib.

Şahin İsmayılov komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı ilə bağlı məlumat verərkən 2025-ci ildə ölkə həyatının əlamətdar hadisələrini və uğurlarını xüsusi vurğulayıb.

Diqqətə çatdırılıb ki, Gənclər və idman komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsində isə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, gənclərin və idmanın aktual məsələləri ilə bağlı dinləmələrin, görüşlərin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.

İclasda komitə üzvləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.