"Son dövrlərdə Çindən idxal olunan avtomobillərin qiymətlərində müşahidə olunan artım avtomobil bazarında bir sıra reaksiyalar yaradıb. Qiymət artımı birbaşa olaraq həmin bazarın digər seqmentlərinə də təsir edir, çünki bazarda avtomobillər arasında əvəzləmə effekti mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, Çin markalı avtomobillərin qiymətləri yüksəldikdə, alıcıların bir qismi alternativ variantlara yönəlir və bu da digər idxal və yerli istehsal avtomobillərinin satış qiymətinə və tələbinə təsir edə bilir: "Bundan əlavə, qiymət artımı ümumi bazar dinamizminə də təsir göstərir. İdxal maşınlarının qiymətinin yüksəlməsi yerli istehsalın rəqabət qabiliyyətini artırmaqla yanaşı, istehlakçılarda seçim imkanlarını məhdudlaşdırır və bəzi hallarda kredit və sığorta xidmətlərinə olan tələbi də dəyişdirə bilir. Eyni zamanda, avtomobil bazarında qiymət artımı idxal siyasəti və gömrük tarifləri ilə bağlı qərarların nəzərdən keçirilməsinə, habelə valyuta məzənnələri və logistika xərclərinin təhlilinə ehtiyac yaradır. Çindən idxal olunan avtomobillərin qiymət artımı yalnız həmin markaların satışına deyil, bütün avtomobil bazarına, həmçinin istehlakçı davranışına və iqtisadi siyasət strategiyalarına birbaşa və dolayı təsirlər göstərir. Bu tendensiyanın uzunmüddətli nəticələri bazarda rəqabətin strukturunu dəyişə, yerli istehsal və idxal balansına təsir edə və avtomobil sektorunun strateji planlamasında yeni addımların atılmasına səbəb ola bilər".