“Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması regional və qlobal diplomatiya baxımından diqqətəlayiq addımdır”. Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.
Onun sözlərinə görə, bu qərar həm Şuranın gələcək effektivliyi ilə bağlı sualları aktuallaşdırır, həm də Azərbaycanın Yaxın Şərqdə artan diplomatik rolunu yeni müstəviyə çıxarır:
“İlk növbədə, Qəzza Sülh Şurasının nə dərəcədə effektli ola biləcəyi məsələsinə realist yanaşmaq vacibdir. İsrail–Fələstin münaqişəsi onilliklərdir davam edən, təkcə ərazi deyil, ideoloji, dini və təhlükəsizlik ölçüləri olan son dərəcə mürəkkəb problemdir. Bu kontekstdə istənilən yeni platformanın uğuru onun real təsir mexanizmlərinə malik olub-olmamasından asılıdır. Əgər Şura yalnız siyasi bəyanatlar və xoş niyyət çağırışları ilə kifayətlənərsə, əvvəlki çoxsaylı təşəbbüslərin taleyini paylaşması qaçılmazdır. Lakin əgər bu mexanizm humanitar yardımın maneəsiz çatdırılması, münaqişədən sonrakı bərpa planları və təhlükəsizlik zəmanətləri kimi konkret məsələlərə fokuslana bilsə, müəyyən mərhələli nəticələr əldə etmək mümkündür.
Azərbaycanın Şurada təsisçi üzv kimi iştirakı xüsusilə əhəmiyyətlidir. Bakı son illər beynəlxalq siyasətdə özünü balanslı, praqmatik və konstruktiv vasitəçi kimi təqdim etməyə nail olub. Azərbaycan nə Yaxın Şərqdəki radikal mövqelərin, nə də birtərəfli siyasi xəttlərin tərəfdarıdır. Bu isə onu etibarlı dialoq tərəfi kimi fərqləndirir və sülh təşəbbüslərində aktiv iştirak üçün əlverişli mövqe yaradır.
Azərbaycanın üstünlüklərindən biri də onun müsəlman dünyası ilə Qərb arasında körpü rolunu oynamaq potensialıdır. Bir tərəfdən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan, digər tərəfdən isə ABŞ və Avropa ilə strateji əməkdaşlıq edən Azərbaycan nadir geosiyasi mövqeyə malikdir. Bu amil Qəzza kimi həssas mövzuda qarşılıqlı etimadsızlığın azaldılmasına töhfə verə bilər.
Bundan əlavə, Azərbaycan son illərdə öz ərazisində münaqişədən sonrakı bərpa və reinteqrasiya təcrübəsi formalaşdırıb. Qarabağda aparılan bərpa işləri, infrastrukturun qurulması və təhlükəsizlik tədbirləri göstərir ki, sülh yalnız siyasi razılaşma ilə deyil, paralel şəkildə sosial-iqtisadi tədbirlərlə möhkəmləndirilməlidir. Bu təcrübə Qəzza kontekstində də maraq doğura bilər və Azərbaycanın Şura çərçivəsində təqdim edə biləcəyi praktik dəyəri artırır.
Azərbaycanın bu təşəbbüsdə iştirakı ölkəyə həm beynəlxalq nüfuzunu artırmaq, həm də qlobal sülh gündəliyində daha fəal rol almaq imkanı verir. Azərbaycan bu platformada passiv müşahidəçi deyil, konstruktiv və təşəbbüskar tərəf kimi çıxış etməklə regional diplomatiyada çəkisini daha da gücləndirə bilər”.