"Azərbaycan Davosda sabitlik mesajı verir" - ŞƏRH EDİLDİ

22 Yanvar 2026 12:58 (UTC+04:00)

"Davos İqtisadi Forumu 1971-ci ildə əsası qoyulduğu vaxtdan etibarən əsasən iqtisadi və maliyyə məsələlərinin dominantlıq təşkil etdiyi platforma olsa da, son illərdə, xüsusilə də bu il siyasi mövzularla daha çox gündəmdədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, ayrı-ayrı regionlarda münaqişələrin artması, qeyri-sabitlik, tarif siyasətindən doğan təlatümlər və ümumi geosiyasi gərginlik fonunda bu mövzular Davos Forumunun müxtəlif sessiyalarında əsas müzakirə predmetinə çevrilib: "Xüsusilə forum ərəfəsində keçirilən sorğuda respondentlərin böyük hissəsi növbəti onillikdə dünyanı ən çox narahat edəcək iki əsas risk faktoru kimi, geoiqtisadi çəkişmələri və bunun yaratdığı qeyri-müəyyənlikləri və dövlətlərarası münaqişələri və onların mümkün fəsadlarını göstərib. Bu da onu deməyə əsas verir ki, Davos artıq təkcə iqtisadi platforma deyil, eyni zamanda qlobal siyasi risklərin müzakirə edildiyi mühüm beynəlxalq məkandır. Məhz bu mövzuların da əhatə olunduğu “Avrasiyanın kimliyi” mövzusuna həsr edilən sessiyada cənab Prezident İlham Əliyevin “Euronews” televiziya kanalının müxbirinin moderatorluğu ilə keçirilən sessiyada çıxış edib, eyni zamanda “Euronews” kanalına ayrıca müsahibə verib.

“Euronews”la müsahibədə ünvanlanan əsas suallardan biri regionda risklərlə potensial arasında tarazlığın yaradılması məsələsi ilə bağlı olub. Cənab Prezidentin verdiyi cavab bir daha göstərdi ki, Azərbaycan dövləti təkcə riskləri idarə etmək bacarığını nümayiş etdirməyib, eyni zamanda riskləri resursa çevirməyi də təmin edib. Buna nümunə kimi, 30 il işğalçı siyasət yürütmüş və bütün parametrlər üzrə ciddi risk mənbəyi olan Ermənistanın bu gün regional sabitlik və əməkdaşlıq müstəvisində tərəfdaşlığa cəlb edilməsi istiqamətində aparılan siyasəti göstərmək olar.Belə ki, Azərbaycan işğal faktorunun regionda yaratdığı riskləri aradan qaldırmaqla yanaşı, sülh gündəliyi vasitəsilə regional sabitliyi, iqtisadi əməkdaşlığı və inteqrasiyanı təmin etməyə çalışır. Bu kontekstdə Ermənistan Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyi çərçivəsində əməkdaşlıq modelinə cəlb olunur. 30 il regional təhlükəsizliyə və əməkdaşlığa təhdid olan Ermənistan Azərbaycanın ardıcıl və mərhələli sülh təşəbbüsləri sahəsində tərəfdaş olmaq yolunda addımlayır, iki tərəfli münasibətlər mərhələli şəkildə əməkdaşlıq istiqamətində irəliləyir. Beləliklə, Azərbaycan Ermənistanın işğalına son qoymaqla həm də riski idarə etmək və onu resursa çevirmək imkanlarını sübut etdi.

Təbii ki, bu yanaşma Azərbaycan Respublikasının sülh gündəliyinin müxtəlif beynəlxalq platformalarda təqdir olunmasına səbəb olur. Azərbaycan Prezidentinin 2025-ci il ərzində Yaxın Şərq Sülh Sammitində iştirakı, Avropa Siyasi Birliyinin Kopenhagen və Tirana zirvə görüşlərində bu məsələlərə göstərilən diqqət də bunu təsdiqləyən məqamlardandır. Eyni zamanda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılması təklif edilən “Sülh Şurası”na Azərbaycanın təsisçi dövlət kimi dəvət olunması da ölkəmizin malik olduğu sülh gündəliyinə verilən yüksək dəyərin göstəricisi hesab oluna bilər".