“Prezident İlham Əliyevin Davosda "Euronews" telekanalına müsahibəsi əslində beynəlxalq sistemin fundamental olaraq yenidən dəyərləndirilməsi prosesinə Azərbaycanın çevik reaksiya qabiliyyətinin bəyanı kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, dövlət başçısının özünün də müsahibədə ifadə etdiyi kimi, artıq beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri tərəfindən mütləq qəbul olunmur:
”Bu isə o deməkdir ki, yeni nizam artıq əvvəlki qaydaları istisna etməkdədir. Deməli, qlobal miqyasda dövlətlərin mövcudiyyətini qoruması, maraq və mənafelərini təmin etməsi üçün yeni şəraitə uyğunlaşma şərtdir. Ötən dövrün təcrübəsi göstərir ki, Azərbaycan yeni formasiyanın tələblərinə nəinki uyğunlaşa bilib, üstəlik həyata keçirilən çoxvektorlu xarici siyasət kursu, həmçinin tam mənada nail olunmuş siyasi-iqtisadi müstəqillik Bakıya proseslərin gedişində öz şərtlərini diktə etmək imkanı yaradıb. Xüsusən Rusiya-Ukrayna münaqişəsinin davam etdiyi və cənub qonşumuz İranda daxili vəziyyətin gərginləşdiyi bir periodda Azərbaycanda daxili stabilliyin tam mənada təmin olunması, hərbi-siyasi zəfərlərin dayanıqlığının təmini istiqamətində həlledici addımların atılması, o cümlədən Ermənistanla 30 illik münaqişəyə birdəfəlik son qoyulması bu tezisləri daha da gücləndirir. Bu mənada, cənab İlham Əliyev Davos auditoriyası üçün kifayət qədər maraqlı persona və fikirləri ilə hesablaşılan lider olduğu üçün "Euronews"un müsahibə üçün müraciəti əslində qlobal rəyin Davos formatına sifarişi hesab oluna bilər”.