"Bədən ölçü standartlarının formalaşması tarixi və iqtisadi zərurətlərlə bağlı olub. Moda sənayesində podium və manekenlər üçün müəyyən ölçülərin seçilməsi geyimin vizual olaraq daha “ideal” görünməsinə xidmət edib". Bunu SİA-ya açıqlamasında stil üzrə mütəxəssis, modelyer Şəlalə Maqsudova deyib.

Onun sözlərinə görə, kütləvi istehsalda isə əsas məqsəd eyni ölçüdə çoxlu sayda paltar tikərək prosesi sürətləndirmək və xərcləri azaltmaq olub: "Bu yanaşma rahatlıq və qənaət baxımından effektiv sayılsa da, insan müxtəlifliyini nəzərə almayan bir sistem yaradıb.
Tarixi olaraq bu ölçülər çox dar bir insan qrupuna əsaslanıb. Gənc, arıq, uzunboylu və əsasən Avropa tipli bədən quruluşu uzun illər “normal” və “ideal” kimi təqdim edilib. Halbuki bu tip bədən quruluşu cəmiyyətin çox kiçik bir hissəsini əhatə edir. Beləliklə, ölçü standartları “orta insan” anlayışını əks etdirmir, daha çox sənayenin texniki və estetik tələblərinə cavab verir.
Bu səbəbdən də standart ölçülər real insanlara əksər hallarda uyğun gəlmir. Çünki real insanlar fərqli genetik xüsusiyyətlərə malikdir, hormonal dəyişikliklər yaşayır, müxtəlif sağlamlıq mərhələlərindən keçir, yaşlanır və həyat tərzi zamanla dəyişir. İnsan bədəni sabit deyil, daim dəyişən və uyğunlaşan bir quruluşa malikdir. Standartlar isə uzun illər boyu demək olar ki, dəyişməz qalır.
Bu ziddiyyət cəmiyyətdə ciddi psixoloji təsirlər yaradır. İnsanlar ölçülərə uyğun gəlmədikdə problemi öz bədənlərində axtarır, özlərini “normadan kənar” hesab edirlər. Nəticədə öz bədəninə narazılıq, özgüvən çatışmazlığı və bəzən sağlam olmayan davranışlar formalaşır. Halbuki məsələ fərdin bədənində deyil, ölçüləri yaradan və illərlə dəyişmədən saxlayan sistemdədir.
Bu gün mövcud olan bədən standartları hələ də əsasən istehsala, vizuala və bazar tələblərinə xidmət edir. İnsan müxtəlifliyi, fərdi rahatlıq və sağlamlıq isə çox zaman ikinci plana keçir. Reallıqda isə standartların insana uyğunlaşması vacibdir, yoxsa insanın standartlara uyğunlaşması deyil".