"Geomaqnit aktivliyi əsasən Günəşdə baş verən partlayışlardan və kütlə atılmalarından sonra yaranır. Bu zaman Günəşdən kosmosa yayılan yüklü hissəciklər Yerə doğru hərəkət edir və Yer kürəsinin elektromaqnit sahəsi ilə qarşılıqlı təsirə girir. Nəticədə Yer maqnit sahəsində həyəcanlanma, dalğalanma və müxtəlif dəyişikliklər baş verir. Bu dəyişikliklər elektromaqnit fonunun artmasına səbəb olur ki, bu da insan orqanizminə birbaşa və dolayı təsirlər göstərə bilir". Bu sözləri SİA-ya açıqlamasında terapevt Abbas Bağırov deyib.
Onun sözlərinə görə, geomaqnit sahəsindəki bu artım xüsusilə bəzi risk qruplarına aid olan insanlarda daha qabarıq təsir göstərir:
"Əsasən arterial hipertenziyadan əziyyət çəkənlərdə, ürək ritm pozğunluğu olan xəstələrdə, eləcə də ürəyin işemik xəstəliklərini və infarkt keçirmiş insanlarda qan damarlarının tonusu dəyişir. Damarların daralması və ya spazmı arterial təzyiqin yüksəlməsinə, ürək-damar sisteminə düşən yükün artmasına səbəb olur. Bu fonda infarkt və insult hallarının artma ehtimalı yüksəlir. Daha əvvəl infarkt keçirmiş xəstələrdə isə vəziyyətin ağırlaşması, təkrar infarkt riski və ürək fəaliyyətinin pozulması kimi təhlükəli hallar yarana bilər.
Eyni zamanda sinir sistemi zəif olan, stressə qarşı müqaviməti aşağı olan insanlarda geomaqnit dəyişiklikləri panik atakların artmasına səbəb ola bilər. Epilepsiyadan əziyyət çəkən şəxslərdə tutmaların daha tez-tez baş verməsi müşahidə olunur. Bundan başqa, bir çox insanlarda baş ağrısı, əsəbilik, gərginlik, diqqətin azalması, yuxusuzluq və ümumi psixoemosional diskomfort kimi əlamətlər meydana çıxır.
Xüsusilə miqren xəstələri geomaqnit sahəsinin artımına çox həssas reaksiya verirlər. Maqnit sahəsində dəyişiklik baş verdikdə beyin damarlarında daralma yaranır, bu isə beynin qanla və oksigenlə təchizatını zəiflədir. Nəticədə güclü və uzunmüddətli baş ağrıları, ürəkbulanma və işığa qarşı həssaslıq kimi miqren əlamətləri kəskinləşir.
Yaşlı insanlarda və uşaqlarda adaptasiya mexanizmləri daha zəif olduğuna görə geomaqnit təsirlər daha aydın hiss oluna bilər. Onlarda arterial təzyiqin pozulması, ümumi halsızlıq, başgicəllənmə, tez yorulma və diqqətin zəifləməsi kimi hallar müşahidə edilir.
Bu cür mənfi təsirlərdən qorunmaq üçün geomaqnit aktivliyi yüksək olan dövrlərdə gündəlik rejimə xüsusi diqqət yetirmək tövsiyə olunur. Mümkün qədər qapalı məkanlarda qalmaq, istirahət və yuxu rejimini tənzimləmək, fiziki və emosional yüklənməni azaltmaq vacibdir. Geomaqnit sahəsinin təsiri zamanı damar spazmları yarandığı üçün qan dövranı pozulur və bu da beynin və digər orqanların oksigenlə zəngin qidalanmasına mane olur.
Əgər toxumalarda oksigen çatışmazlığı, yəni hipoksiya yaranarsa, orqan və toxumalar arasında maddələr mübadiləsi pozulur. Bu vəziyyət sinir sisteminin həddindən artıq oyanmasına, sinir impulslarının ötürülməsində problemlərə və sinapsların fəaliyyətinin zəifləməsinə səbəb olur. Nəticədə sinir sisteminin funksional vəziyyəti dəyişir və orqanizm özünü normal şəkildə tənzimləyə bilmir.
Bütün bunların fonunda baş ağrısı, ürəkdöyünmə, halsızlıq, əsəbilik, yuxusuzluq və ümumi narahatlıq kimi şikayətlər meydana çıxır. Buna görə də geomaqnit aktivliyi dövrlərində insanlar öz sağlamlıqlarına daha diqqətlə yanaşmalı, həkim məsləhətlərinə əməl etməli və profilaktik tədbirlər görməlidirlər".