“8 giqavatlıq gücün əldə edilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsidir” - ŞƏRH OLUNDU

21 Yanvar 2026 16:55 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin 2032-ci ilə qədər günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə olunacağına dair açıqlaması ölkənin enerji strategiyasında mühüm mərhələnin başlanğıcını ifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, bu hədəf Azərbaycanın enerji sektorunda şaxələndirmə siyasətinin və bərpa olunan enerji mənbələrinə keçidin prioritet istiqamət kimi müəyyənləşdirildiyini göstərir:

”Qlobal iqlim dəyişiklikləri fonunda yaşıl enerjiyə keçid həm ekoloji, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Son illərdə Azərbaycan bərpa olunan enerji sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir, iri günəş və külək elektrik stansiyalarının tikintisini təşviq edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə strateji yanaşmanın formalaşdığını göstərir. Günəş və külək potensialının yüksək olduğu bu ərazilər gələcəkdə ölkənin ümumi enerji balansında mühüm paya malik ola bilər.

8 giqavatlıq gücün əldə edilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu, bir tərəfdən daxili tələbatın daha böyük hissəsinin alternativ mənbələr hesabına ödənilməsinə, digər tərəfdən isə ənənəvi enerji resurslarının ixrac üçün daha səmərəli istifadəsinə imkan yaradır. Eyni zamanda, bərpa olunan enerji istehsalı karbon emissiyalarının azalmasına və beynəlxalq iqlim öhdəliklərinin yerinə yetirilməsinə töhfə verir.

Bu hədəfin reallaşması texnoloji yeniliklərin tətbiqini, investisiya mühitinin yaxşılaşdırılmasını və hüquqi-normativ bazanın təkmilləşdirilməsini tələb edir. Dövlət tərəfindən yaradılan stimullaşdırıcı mexanizmlər və özəl sektorun cəlb olunması prosesin dayanıqlı şəkildə həyata keçirilməsinə şərait yaradır. Bu da yeni iş yerlərinin açılmasına və enerji sektorunda insan kapitalının inkişafına xidmət edir.

2032-ci ilə qədər günəş və külək enerjisi üzrə 8 giqavat gücün əldə edilməsi Azərbaycanın yaşıl enerji siyasətində iddialı, lakin real hədəf kimi qiymətləndirilə bilər. Bu strategiya ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafına, enerji təhlükəsizliyinə və beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verəcəkdir”.