"Azərbaycan Prezidentinin Davos Dünya İqtisadi Forumu çərçivəsində digər iştirakçılarla birgə apardığı panel müzakirələri hesab edirəm ki, forumun ən mühüm və diqqətçəkən müzakirələri sırasında yer aldı. Faktiki olaraq bu müzakirələrdə müasir dünyada yeni və güclü beynəlxalq nizamın formalaşması istiqamətində gedən proseslər açıq və konkret nümunələr əsasında təqdim olunurdu". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti ilə yanaşı paneldə iştirak edən digər üç ölkə rəhbərinin nümayəndələri, o cümlədən Ermənistan və Serbiya prezidentləri müzakirələr zamanı tez-tez Azərbaycan Prezidentinə və Azərbaycan nümayəndə heyətinə müraciət edirdilər: " Bu fakt Azərbaycanın təkcə regionda və Cənubi Qafqazda lider ölkə statusuna malik olmasını deyil, artıq qlobal miqyasda əhəmiyyətli bir aktora çevrildiyini açıq şəkildə göstərirdi.
Xüsusilə diqqətçəkən məqamlardan biri uzun illər Azərbaycanla qarşıdurma və gərgin münasibətlər fonunda çıxış edən Ermənistan Prezidentinin dəfələrlə Azərbaycan Prezidentinin fikirlərinə istinad etməsi oldu. O, hətta bəzi məqamlarda Azərbaycan Prezidentindən sonra əlavə söz deməyin çətin olduğunu vurğuladı.
Eyni zamanda Serbiya Prezidenti də çıxışı zamanı Azərbaycan Prezidentinə yüksək qiymət verərək onu dünyada nadir rast gəlinən, müstəqil mövqeyə malik liderlərdən biri kimi təqdim etdi. Bu yanaşma, şübhəsiz ki, yalnız siyasi bəyanat deyil, Azərbaycanın real təcrübəsinə və konkret nəticələrə əsaslanan qiymətləndirmə idi.
Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra müharibənin dayandırılması barədə qərar verməsi, zaman itirmədən əməkdaşlıq və dialoq xəttini seçməsi, hətta müharibə tərəfi ilə intensiv danışıqlara başlaması, eyni zamanda tranzit yollarının açılmasını və Ermənistanla ticarət əlaqələrinin mümkünlüyünü bəyan etməsi müasir dünyada münaqişələrin artdığı bir dövrdə əsl nümunə kimi çıxış edir. Məhz Azərbaycan Prezidentinin Davosdakı çıxışlarında bu modelə istinad etməsi, hesab edirəm ki, bu gün müharibələr və qarşıdurmalarla üzləşən dünya üçün mühüm mesaj və çıxış yolu kimi dəyərləndirilməlidir.
Mənim üçün xüsusilə diqqətçəkən məqamlardan biri ondan ibarət oldu ki, cənab Prezident hətta bu beynəlxalq platforma çərçivəsində də yaxın tarixi qısa şəkildə xülasə edərkən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin illərlə kağız üzərində qalmasını, beynəlxalq hüquqa əməl olunmamasına baxmayaraq hər hansı real təzyiq mexanizmlərinin işə salınmamasını bir daha xatırlatdı. Bununla da o, mövcud dünya nizamında beynəlxalq hüququn tətbiqi sahəsində olan ciddi boşluqlara diqqət çəkdi.
Zaman-zaman dövlət başçımızın BMT daxilində islahatlara ehtiyac olduğunu vurğulaması təsadüfi deyil. Məhz bu nümunəni bir daha xatırlatmaqla o, həm də bu gün dünyada davam edən müharibələrin qarşısının alınması üçün daha təsirli və nəticəyönümlü mexanizmlərin formalaşdırılmasının vacibliyini gündəmə gətirdi. Beynəlxalq təşkilatların statusuna yenidən baxılması və onların real təsir imkanlarının gücləndirilməsinin zəruriliyinə diqqət çəkdi. Eyni zamanda artıq tarixə qovuşmuş Azərbaycan-Ermənistan münaqişəsindən sonrakı dövrdə formalaşmış yeni reallıq cənab Prezident tərəfindən beynəlxalq səviyyədə bir çıxış yolu, hətta bir yol xəritəsi kimi təqdim olundu. Hesab edirəm ki, bu yanaşma son dərəcə düzgün və rasional modeldir.
Prezident İlham Əliyev həmçinin ikitərəfli formatın nə qədər effektiv nəticələr verdiyini konkret faktlar əsasında ortaya qoydu. Bu faktlar Ermənistan Prezidenti tərəfindən də dolayısı ilə və mənalı şəkildə təsdiqləndi. Bu isə göstərir ki, birbaşa dialoq və əməkdaşlıq münaqişədən sonrakı mərhələdə real sülh üçün ən səmərəli vasitədir. Düşünürəm ki, Azərbaycanın keçdiyi bu yol və ortaya qoyduğu model gələcəkdə dünyanın müxtəlif qaynar nöqtələrində gərginliyin azaldılması və münaqişələrin söndürülməsi baxımından mühüm rol oynaya bilər. Artıq Azərbaycanın region üçün deyil, daha geniş miqyasda əhəmiyyətli bir ölkə olduğu, Azərbaycan Prezidentinin isə təkcə regional təhlükəsizlik və əməkdaşlıq sahəsində deyil, qlobal sülh proseslərinə töhfə verən lider kimi qəbul edildiyi bir reallıqdır.
Təsadüfi deyil ki, ABŞ lideri də Ermənistanın Azərbaycanı Sülh Şurasında görmək istədiyini açıq şəkildə ifadə etmişdi və bu çağırışa uyğun olaraq Azərbaycanın həmin platformada iştirakı təmin olundu. Bu mövzu 30 il ərzində torpaqları işğal altında qalmış bir ölkənin öz gücü ilə ədaləti bərpa etməsinin və sonrasında bölgədə sülh mühitini formalaşdırmasının davamı kimi qiymətləndirilməlidir".
Siyasi şərhçi sözlərinə belə davam edib: "Regional və qlobal miqyasda sülhün təmin olunması istiqamətində Azərbaycan faktiki olaraq bəşəriyyətə real və ölçülə bilən töhfələr verir. Düşünürəm ki, bu kimi beynəlxalq platformalarda Azərbaycanın iştirakı bir tərəfdən qürurverici haldırsa, digər tərəfdən də işğaldan, terrordan və münaqişələrdən əziyyət çəkmiş xalqlar üçün mühüm bir nümunə və təcrübə mənbəyidir. Bu təcrübənin paylaşılması və ondan faydalanılması beynəlxalq proseslər baxımından olduqca əhəmiyyətlidir.
Məhz bu kontekstdə Azərbaycanın artıq tam formalaşmış beynəlxalq aktora çevrilməsi faktoru xüsusi qeyd olunmalıdır. Gələcəkdə ölkəmizin oynaya biləcəyi daha ciddi və məsuliyyətli rolları nəzərə alsaq, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivi fonunda regionlararası və qitələrarası tranzit mərkəzinə çevrilməsi baxımından Azərbaycan artıq strateji əhəmiyyətə malik bir ölkə kimi çıxış edir.
Eyni zamanda Azərbaycanın beynəlxalq sülhün qurulması və münaqişələrdən sonrakı dövrdə sabitliyin təmin olunması istiqamətində icra etdiyi funksiyalar, ortaya qoyduğu model və təşəbbüslər onu təkcə regional deyil, qlobal səviyyədə də etibarlı tərəfdaş kimi ön plana çıxarır. Bu baxımdan beynəlxalq aləmdə mühüm təşəbbüslərə imza atan, real nəticələr ortaya qoyan, böyük potensiala malik bir ölkədən, regionun aparıcı dövlətindən söhbət gedir.
Bu proseslərdə Azərbaycana müraciət edən, onun təcrübəsindən faydalanmağa çalışan tərəflər yalnız qazanclı çıxa bilərlər. Buna əmin olmaq üçün uzağa getməyə ehtiyac yoxdur - son illərin təcrübəsinə nəzər salmaq belə bu reallığı aydın şəkildə ortaya qoyur".