“Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə ixrac potensialı strateji baxımdan yüksək qiymətləndirilə bilən sahələrdən biridir. Son illərdə bu sektorda müşahidə olunan dinamik inkişaf, xüsusilə 2025-ci ilin nəticələri, kənd təsərrüfatının ölkə iqtisadiyyatında artan rolunu aydın şəkildə nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlmasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, statistik göstəricilərə əsasən, 2025-ci ildə Azərbaycanda 3 milyon 339 min tondan artıq dənli və paxlalı bitkilər istehsal olunmuşdur ki, bu da ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və ixrac imkanlarının genişlənməsi baxımından mühüm göstəricidir:
”Eyni zamanda, pambıqçılıq sahəsində son 30 ilin ən yüksək nəticəsi qeydə alınmış, istehsal həcmi 360 min tondan çox olmuşdur. Heyvandarlıq və digər kənd təsərrüfatı sahələrində də artım tendensiyası davam etmişdir.
Əldə edilən bu müsbət nəticələr ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatına göstərilən sistemli diqqət və dəstəyin, eləcə də müvafiq dövlət proqramları və inkişaf layihələrinin ardıcıl şəkildə icrasının məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. 2024–2025-ci illərin müqayisəli təhlili göstərir ki, bir sıra məhsullar üzrə ixrac göstəriciləri əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, təzə meyvə ixracı 28,2 faiz, təzə tərəvəz 17,9 faiz, şəkər 58,5 faiz, bitki yağları 22,3 faiz, pambıq ipliyi isə 17,8 faiz artım nümayiş etdirmişdir. Bu dinamika Azərbaycanın kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.
Xüsusi vurğulanmalı məqamlardan biri də işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafıdır. Bu ərazilərdə 100 min hektardan artıq torpaq sahəsi minalardan təmizlənmiş, əkin dövriyyəsinə cəlb olunmağa başlanmışdır. Su ehtiyatlarının artırılması, kənd təsərrüfatının su təminatının yaxşılaşdırılması məqsədilə yeni su anbarlarının və su hövzələrinin yaradılması, eləcə də müvafiq infrastruktur layihələrinin icrası həyata keçirilir. Artıq Zəngilan və Xocalı rayonlarında minalardan təmizlənmiş torpaq sahələri əkin dövriyyəsinə daxil edilmiş və sahibkarlara istifadəyə verilmişdir.
Tarixi baxımdan bu ərazilər ölkənin kənd təsərrüfatı potensialına mühüm töhfələr vermiş regionlar olmuşdur. Hazırda yaylaq və qışlaq sisteminin bərpası, arıçılıq təsərrüfatlarının fəaliyyəti, balıqçılığın inkişafı üçün mövcud imkanların reallaşdırılması planlı şəkildə aparılır. Bütün bu tədbirlər orta və uzunmüddətli perspektivdə kənd təsərrüfatı istehsalının və ixrac potensialının daha da artırılmasına xidmət edir.
Kənd təsərrüfatı məhsullarının ixracının genişlənməsi ölkənin valyuta ehtiyatlarının artmasına, eyni zamanda əhalinin sosial rifahının yüksəlməsinə mühüm töhfə verir. Rəqabətədavamlı məhsulların xarici bazarlara çıxarılması beynəlxalq iqtisadi əlaqələrin möhkəmlənməsinə şərait yaradır və Azərbaycanın kənd təsərrüfatı sektorunun qlobal bazarda mövqeyini daha da gücləndirir”.