"Azərbaycan–Qətər münasibətləri simvolik mərhələdən strateji mərhələyə keçir" -ŞƏRH EDİLDİ

21 Yanvar 2026 11:58 (UTC+04:00)

"Davosda Prezident İlham Əliyevin Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşü regionda formalaşmaqda olan yeni enerji və siyasi arxitekturanın mühüm göstəricisidir. Bu görüşdə iqtisadi, ticari əməkdaşlığın genişləndirilməsi və ARDNŞ-in Suriyanın enerji təchizatının bərpasında birgə iştirak imkanlarının müzakirə edilməsi, əslində, Azərbaycanın Yaxın Şərqdə rolunun tədricən yeni mərhələyə keçdiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, burada enerji sadəcə iqtisadi resurs deyil, həm də diplomatik alət kimi çıxış edir və Azərbaycan bu aləti getdikcə daha peşəkar şəkildə istifadə edir: "Azərbaycan və Qətər enerji xəritəsində fərqli mövqelərdə olsalar da, bir-birini tamamlayan imkanlara malikdirlər. Qətər LNG və maliyyə resursları ilə, Azərbaycan isə boru kəmərləri, tranzit infrastrukturu və post-münaqişə ərazilərdə enerji bərpası təcrübəsi ilə seçilir. Bu iki modelin birləşməsi, xüsusilə Suriyada, təkcə enerji sisteminin yenidən qurulması deyil, eyni zamanda siyasi sabitliyə töhfə verən yeni əməkdaşlıq mexanizminin yaranması deməkdir. ARDNŞ-in bu prosesdə iştirak etməsi Azərbaycanın regionda texniki və neytral tərəfdaş kimi qəbul olunmasını gücləndirir və onu sadəcə enerji ixracatçısından daha geniş, enerji nizamlayıcısı roluna yaxınlaşdırır. Suriya məsələsində Azərbaycan–Qətər əməkdaşlığı xüsusilə diqqət çəkir. Enerji infrastrukturunun bərpası burada geosiyasi məna daşıyır və tərəflərin birgə iştirakı Qətərin Yaxın Şərqdəki siyasi təsiri ilə Azərbaycanın balanslı və praqmatik diplomatiyasını bir araya gətirir. Bu yanaşma Bakıya İran, Türkiyə və ərəb dünyası arasında etibarlı körpü rolunu daha da möhkəmləndirməyə imkan verir. Azərbaycan bu model vasitəsilə sərt bloklaşmalardan kənarda qalaraq, konkret nəticələrə əsaslanan praktik və real diplomatiya xətti qurur.
Davosda bu mövzuların qaldırılması onu göstərir ki, Azərbaycan–Qətər münasibətləri artıq simvolik tərəfdaşlıq səviyyəsini aşaraq strateji və funksional əməkdaşlıq mərhələsinə daxil olur. Bu, yaxın gələcəkdə birgə investisiya layihələrinin, enerji və logistika sahəsində ortaq təşəbbüslərin, hətta üçüncü ölkələrdə birgə fəaliyyətin əsasını qoya bilər. Qətər Azərbaycan üçün Yaxın Şərqə açılan maliyyə və siyasi qapı rolunu oynadığı kimi, Azərbaycan da Qətər üçün Avrasiya enerji təhlükəsizliyinə çıxış nöqtəsinə çevrilir.
Bütün bunlar Azərbaycanın Yaxın Şərqdə tədricən formalaşan yeni diplomatik kimliyini göstərir. Azərbaycan artıq yalnız Cənubi Qafqazın aktoru kimi deyil, Avrasiya ilə Yaxın Şərq arasında enerji və diplomatiya kəsişməsində yerləşən etibarlı tərəfdaş kimi çıxış edir. Davosda atılan bu addımlar da məhz bu uzunmüddətli strategiyanın tərkib hissəsi olaraq belə oxunmalıdır: sakit, ölçülmüş, gələcəyə hədəflənmiş siyasi dividentlər, amma getdikcə daha təsirli mexanizmlərə əsaslanaraq qurulan münasibətlər sistemidir".