“Davos Dünya İqtisadi Forumunda Azərbaycanın investisiya prioritetləri tərif edildi”

21 Yanvar 2026 11:46 (UTC+04:00)

“Yanvarın 20-də Davosda Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbir bir çox baxımdan diqqət çəkdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, bu tədbir Azərbaycanın son illərdə formalaşdırdığı siyasi, iqtisadi və geosiyasi xəttin açıq, sistemli və birbaşa beynəlxalq biznes və siyasi elita qarşısında təqdimatı idi:

”Burada səslənən fikirlər və verilən mesajlar göstərdi ki, Bakı artıq özünü yalnız regional aktor kimi deyil, daha geniş geoiqtisadi arxitekturanın ayrılmaz elementi kimi təqdim edir.
Tədbirin kontekstinin özü çox simvolik idi. Davos Dünya İqtisadi Forumu qlobal iqtisadi gündəliyin müəyyənləşdiyi platformadır və belə bir məkanda Azərbaycan rəhbərliyi ilə ayrıca səhər yeməyinin təşkili Bakının beynəlxalq maraq mərkəzində olduğunu göstərir. “Euronews” rəhbərliyinin çıxışında səslənən fikirlər isə bu marağın təsadüfi olmadığını açıq şəkildə ortaya qoydu. Azərbaycan artıq “riskli regionda yerləşən ölkə” deyil, əksinə, mürəkkəb coğrafiyada sabitlik yarada bilmiş və bu sabitliyi iqtisadi fürsətə çevirən aktor kimi təqdim olunur.
Misal üçün Pedro Varqasın çıxışında Qara Yanvar faciəsinə istinad etməsi və Azərbaycanın bu tarixi mərhələdən bu günə qədər keçdiyi yolun vurğulanması mənə görə təsadüfi deyildi. Burada əsas mesaj ondan ibarət idi ki, Azərbaycan zorakı tarixdən funksional dövlət quruculuğuna keçidi bacarıb. Bu, xüsusilə Qərb auditoriyası üçün önəmlidir, çünki siyasi sabitlik və institusional davamlılıq sərmayənin əsas şərtidir. Varqasın sülh mükafatı ilə bağlı səsləndirdiyi fikir, formal olmasa da, Azərbaycanın post-münaqişə mərhələsində yaratdığı yeni reallığın beynəlxalq qəbulunun göstəricisi kimi oxuna bilər.
Prezident İlham Əliyevin çıxışları isə bu təqdimatı konkret iqtisadi və strateji çərçivəyə saldı. Ən mühüm məqamlardan biri Azərbaycanın investisiya prioritetlərinin açıq şəkildə yenidən tərif edilməsi idi. Prezidentin vurğuladığı kimi, uzun illər iqtisadi inkişafın əsas lokomotivi olan enerji sektoru artıq öz əsas infrastruktur mərhələsini başa vurub və yeni mərhələdə prioritet qeyri-neft sektoruna keçir. Bu keçid təsadüfi deyil və qlobal trendlərlə uzlaşır. Enerji bazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmə strategiyası rasional və vaxtında atılmış addımdır.
Bərpaolunan enerji ilə bağlı səsləndirilən rəqəmlər xüsusilə diqqət çəkir. 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc hədəfi təkcə daxili enerji balansı üçün deyil, Azərbaycanın enerji ixracatçısı kimi yeni status qazanması baxımından əhəmiyyətlidir. Burada əsas məsələ ondadır ki, Azərbaycan yaşıl enerjini daxili tələbatdan artıq həcmdə istehsal etməyi planlaşdırır və bu enerjini ixrac etməyi düşünür. Bu, ölkəni təkcə karbohidrogen ixracatçısı deyil, eyni zamanda yaşıl enerji təchizatçısı kimi də mövqeləndirir.
Prezidentin məlumat mərkəzləri ilə bağlı fikirləri isə Davos auditoriyası üçün xüsusilə aktual idi. Qlobal miqyasda süni intellekt və məlumat mərkəzləri enerji tutumlu sahələrdir və ucuz, stabil enerji mənbələri bu sektor üçün həlledici amildir. Azərbaycanın artıq mövcud olan və yaxın illərdə artacaq əlavə enerji potensialı onu regionda bu sahə üçün unikal məkana çevirir. Burada vacib detal ondan ibarətdir ki, Prezident bu məsələyə yalnız texniki deyil, strateji baxımdan yanaşır.
Geosiyasi bağlılıq və nəqliyyat dəhlizləri ilə bağlı səsləndirilən fikirlər isə tədbirin ən strateji hissələrindən biri idi. Prezident İlham Əliyevin Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub oxlarında oynadığı rol barədə dedikləri göstərdi ki, Bakı bu mövqeyi artıq sadəcə coğrafi üstünlük kimi deyil, siyasi kapital kimi istifadə edir. Sanksiyalar fonunda alternativ marşrutların məhdudlaşdığı bir dövrdə Azərbaycanın “təhlükəsiz, xoşməramlı və etibarlı” tranzit ölkə kimi təqdim olunması Avropa və Mərkəzi Asiya üçün real seçimdir.
Burada xüsusilə Ermənistanla bağlı səsləndirilən məqamlar diqqətəlayiqdir. Prezidentin qeyd etdiyi kimi, regional nəqliyyat əlaqələrinin açılması Ermənistan üçün də iqtisadi dividendlər yaradır və bu, sülh prosesinin praktiki nəticələrini göstərir. Azərbaycan bu kontekstdə sülhü abstrakt siyasi anlayış kimi deyil, konkret iqtisadi fayda gətirən mexanizm kimi təqdim edir. Bu yanaşma Qərb auditoriyası üçün anlaşılandır və münaqişə sonrası inteqrasiyanın real modelini göstərir.
Avropa sərmayələri ilə bağlı səsləndirilən tənqidi məqamlar isə Prezidentin çıxışlarının ən səmimi və bir o qədər də açıq hissəsi idi. İlham Əliyev açıq şəkildə bildirdi ki, nə faydalı qazıntılar, nə də bərpaolunan enerji sahəsində Avropadan gözlənilən səviyyədə sərmayə axını yoxdur. Avropa enerji təhlükəsizliyində Azərbaycana güvənir, lakin sərmayə riskini bölüşməkdə ehtiyatlı davranır. Prezidentin bu məsələni ABŞ-la müqayisə etməsi isə Vaşinqtonla münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.
ABŞ ilə strateji tərəfdaşlıq xartiyası barədə verilən məlumatlar Azərbaycanın xarici siyasətində yeni balansın formalaşdığını göstərir. Enerji, süni intellekt, məlumat mərkəzləri və bağlantı sahələrinin bu sənəddə yer alması Azərbaycanın yalnız xammal təchizatçısı yox, texnoloji tərəfdaş kimi də qəbul edilmək istədiyini ortaya qoyur. Bu, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas xəttidir.
Tədbirdə daşınmaz əmlak, turizm və orta sinfin inkişafı ilə bağlı səsləndirilən fikirlər isə iqtisadi siyasətin sosial ölçüsünü göstərdi. Prezidentin təqdim etdiyi rəqəmlər göstərir ki, iqtisadi islahatlar real alıcılıq qabiliyyətinin artmasına gətirib çıxarıb və bu, daxili bazarı xarici sərmayə üçün daha cəlbedici edir. Bakı artıq təkcə biznes üçün yox, yaşayış və investisiya üçün də təhlükəsiz və komfortlu şəhər kimi təqdim olunur.
Ümumilikdə Davosdakı bu tədbir göstərdi ki, Azərbaycan artıq özünü izah etməyə çalışan ölkə deyil. Bakı öz mövqeyini təqdim edir, şərtlərini ortaya qoyur və tərəfdaşlıq üçün aydın çərçivə təklif edir. Prezident İlham Əliyevin çıxışları emosional deyil, texnokratik, rəqəmlərə və konkret layihələrə əsaslanan yanaşmanı nümayiş etdirdi”.