Ekoloji məsuliyyət fərddən başlayırmı, yoxsa sistemdən? - EKOLOQ DANIŞDI

21 Yanvar 2026 11:29 (UTC+04:00)

"Ətraf mühitə qarşı məsuliyyət qlobal ətraf mühitin qorunması ilə bağlı dünyada aparılan siyasətin əsasını təşkil edir. Ətraf mühit məsuliyyəti fərdi hərəkətlərdən asılı olan bir prosesdir. Buraya istehlak davranışı, tullantıların çeşidlənməsi, təbii resursların qorunması və digər oxşar fəaliyyətlər daxildir". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, eyni zamanda bu proses, cəmiyyətin üzvlərinə qarşı tələbkar yanaşmanı və ictimai məlumatlılığın artırılmasını da əhatə edir: "Məhz bu maarifləndirmə nəticəsində sistemli dəyişikliklər formalaşır. Qanunvericilik, siyasət, korporativ məsuliyyət və infrastruktur isə bu fərdi hərəkətlər üçün şərait yaradır, onların miqyasına və effektivliyinə birbaşa təsir göstərir. Beləliklə, bu proseslər bir-biri ilə sıx bağlıdır.

Hər iki aspekt həm insanların fərdi seçimləri, həm də ətraf mühitə məsuliyyətli davranışı təşviq edən sistem çərçivəsində mövcud olan maneələrin aradan qaldırılması baxımından olduqca vacibdir. Eyni zamanda bu davranışların təşviqi və davamlı şəkildə dəstəklənməsi də mühüm əhəmiyyət daşıyır.
İnsanın burada bir fərd kimi rolu, başqa sözlə desək, onun ətraf mühitə verdiyi şəxsi töhfə xüsusi yer tutur. Bu töhfə tullantıların çeşidlənməsi, istehlakın azaldılması, ictimai nəqliyyatdan istifadə, ekoloji cəhətdən təmiz məhsulların seçilməsi və istifadəsi kimi davranışlarda özünü göstərir. Bununla yanaşı, vətəndaş mövqeyi də olduqca əhəmiyyətlidir. Yaşıl təşəbbüslərin dəstəklənməsi, könüllü layihələrdə iştirak, müəssisələrdən və hökumətdən məsuliyyət tələb etmək, istehlakçı seçimlərinin şüurlu şəkildə edilməsi bu mövqenin əsas ifadə formalarıdır. Bütün bunların əsasında isə cəmiyyətin ekoloji maarifli olması dayanır.

Bu gün bəşəriyyətin təbiətə qarşı laqeyd və məhvedici münasibətindən imtina etmək qabiliyyəti əsasən ekoloji mədəniyyətimizin səviyyəsi ilə sıx bağlıdır. Buna görə də tədricən prioritetə çevrilən ekoloji mədəniyyətin inkişaf etdirilməsi problemi müasir humanist etikaya əsaslanan təhsil və tərbiyə sistemində, elmin və incəsənətin, siyasətin və ideologiyanın inkişafında öz əksini tapmalıdır.

İnsanın ətraf mühit mədəniyyəti təbii mühitin optimal vəziyyətini təmin etməklə cəmiyyətin tərəqqisini şərtləndirir desək, yanılmarıq. Ekoloji mədəniyyət ümumilikdə müasir dünyada insan fəaliyyəti ilə təbii mühitin keyfiyyəti arasında uyğunluğu təşviq edir və bu uyğunluğu insanın yaşam səbəbi və həyat keyfiyyəti ilə əlaqələndirir. Ekoloji mədəniyyət ətraf mühit haqqında məlumatlılığı, təbii tarazlığı qorumağa yönəlmiş təhlükəsiz və faydalı təcrübələri, etik normaları və dəyərləri, davranış bacarıqlarını, əxlaqi baxışları və insan hisslərini əhatə edir. Əgər ətraf mühit haqqında məlumatlılığı insanların təbiətə qarşı dəyər əsaslı və ideoloji münasibətlərini əks etdirən nəzəriyyələr, ideyalar və konsepsiyalar kimi müəyyən etsək, demək olar ki, ekoloji mədəniyyətin əsasını məhz əxlaqi meyarlar vasitəsilə formalaşan bu məlumatlılıq təşkil edir.
Beləliklə, təbiətə qarşı formalaşan bu yeni münasibət təbiəti bərabərhüquqlu subyekt kimi qəbul etməklə mədəniyyətin və əxlaqın ənənəvi çərçivədən çıxaraq mövzu sahəsinin genişlənməsini nəzərdə tutur. Bu proses hazırda insan mahiyyətinin və ləyaqətinin unikal ölçüsü kimi qiymətləndirilən ekoloji etika anlayışı ilə sıx şəkildə əlaqələndirilir".