Region gəncləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər

20 Yanvar 2026 18:36 (UTC+04:00)

Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsindən 36 il ötür. Uzun illər keçməsinə baxmayaraq, Azərbaycan gəncləri bu faciəni unutmur və hər il yad edirlər. Ümumxalq Hüzn Günü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən regionlarda silsilə anım tədbirləri təşkil olunub.

SİA xəbər verir ki, GİKM-dən verilən məlumata görə, tədbirlər çərçivəsində region gəncləri şəhər və rayon mərkəzlərindəki Şəhidlər xiyabanlarını, eləcə də 20 Yanvar abidələrini ziyarət edərək önlərinə gül dəstələri düzüb, şəhidlərin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Mərkəzin regional nümayəndəlik və bölmələrində keçirilən görüşlərdə 20 Yanvar faciəsinin qurbanları bir dəqiqəlik sükutla anılıb.

Sonra dövlət rəsmiləri, tarixçilər və hadisələrin canlı şahidləri çıxış edərək 1990-cı ilin 20 yanvar tarixinin xalqımızın iradə və qəhrəmanlığını nümayiş etdirən şərəfli səhifə olduğunu vurğulayıblar. Çıxışlarda Vətən uğrunda canından keçən, azadlığı hər şeydən üstün tutaraq şəhidlik zirvəsinə ucalan qəhrəman soydaşlarımızın fədakarlığından bəhs olunub. Eyni zamanda, 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu barədə gənclərə ətraflı məlumat verilib.

Bununla yanaşı, GİKM-in regional nümayəndəlik və bölmələrində gənclər üçün 20 Yanvar hadisələrini əyani şəkildə əks etdirən “20 Yanvar həqiqətləri”, “Qanlı Yanvar”, “Son anda”, “Danışan talelər” adlı sənədli və bədii filmlər göstərilib.

Təşkilatın üzvləri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirlər.