Şamaxıda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Şamaxı Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar keçirilən anım mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, məzarlar üzərinə tər çiçəklər düzülüb.
Sonra Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin “Yeddi Günbəz” və “Laləzar” qəbiristanlıqlarındakı məzarları ziyarət edilib və ailələrinə başsağlığı verilib.
Saat 12:00-da respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb, dövlət bayraqları yarıyadək endirilib.