Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbir keçirilib.
SİA xəbər verir ki, əvvəlcə səfir Rəhman Mustafayev, səfirliyinı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya təhsil alan azərbaycanlı tələbələr, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin və 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş bannerin önünə gül dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bildirilib ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələrək burada mətbuat konfransı keçirərək Bakıda törədilmiş vəhşilikləri qətiyyətlə pisləyib, onları dinc əhaliyə qarşı terror adlandırıb. O, baş vermiş hadisəyə siyasi-hüquqi qiymət verilməsini və faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib, bununla da Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirib.
Vurğulanıb ki, məhz Heydər Əliyevin təşəbbüsü və əzmkarlığı sayəsində 20 Yanvar faciəsinə sonradan dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Həmin qanlı günlərin şahidi olan tədbir iştirakçıları 1990-cı ilin Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüblər.