"20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli, eyni zamanda ən faciəli səhifələrindən biri kimi tarixə həkk olunmuşdur. Bu gün təkcə hüzn günü deyil, həm də xalqımızın iradəsinin, əyilməzliyinin və azadlıq eşqinin təcəssümüdür. Azərbaycan xalqı tarix boyu çox keşməkeşli, çətin və sınaqlarla dolu mərhələlərdən keçmişdir. Müxtəlif imperiyaların tərkibində yaşamaq məcburiyyətində qalan xalqımız dəfələrlə repressiyalara, zorakılığa, milli kimliyinin tapdanmasına məruz qalmışdır. Müstəqil dövlətçiliyimiz dağıdılmış, Azərbaycan ikiyə parçalanmış, xalqımız uzun illər yad ideologiyaların və siyasi basqıların əsiri olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, XX əsrin sonlarında süquta uğramaqda olan SSRİ imperiyasının repressiv siyasəti öz ən qanlı və amansız simasını məhz 1990-cı ilin 19-dan 20-nə keçən gecə Bakıda nümayiş etdirdi:
"Sovet imperiyasının “şər maşını” dinc əhaliyə qarşı ağır hərbi texnika, tanklar və silahlı qüvvələr tətbiq edərək, Azərbaycan xalqına misli görünməmiş bir faciə yaşatdı. Əliyalın, silahsız insanlar öz haqqını, azadlığını qorumaq üçün tankların qarşısına çıxdılar, sinələrini güllələrə sipər etdilər. Bu hadisə bir daha sübut etdi ki, azadlıq ideyası xalqın ruhuna hopmuşdur və heç bir güc bu iradəni sındıra bilməz. Məhz buna görə də 20 Yanvar hadisələri təkcə faciə kimi deyil, həm də Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi kimi qiymətləndirilməlidir. Bu gün biz 20 Yanvar şəhidlərini yalnız matəm hissi ilə deyil, eyni zamanda böyük qürur və ehtiramla yad edirik. Çünki həmin gecə xalq azadlığını özünə həyat tərzi seçən oğul və qızların qəhrəmanlıq gecəsi idi.
Qanlı Yanvar hadisələrinə ilk siyasi və cəsarətli qiyməti verən şəxs Ulu Öndər Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Moskvada, bütün təzyiqlərə, senzuralara və təhlükələrə baxmayaraq, Ulu Öndər bu faciəni açıq şəkildə pislədi və dünya ictimaiyyətinə çatdırdı. Həmin dövrdə Heydər Əliyev Moskvada təqaüddə idi, bütün rəsmi vəzifələrindən uzaqlaşdırılmışdı və onun bu mövqeyi həyatı üçün ciddi təhlükələr yaradırdı. Lakin xalqına olan sonsuz məhəbbət, milli məsuliyyət hissi onu bu tarixi addımı atmağa sövq etdi. Sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi Ulu Öndər 20 Yanvar hadisələrinə ilk rəsmi siyasi-hüquqi qiyməti verdi. O dövrdə respublikaya rəhbərlik edən qüvvələrin susqunluğu fonunda Heydər Əliyevin bu mövqeyi xalqın ümid yerinə çevrildi. Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Milli Məclisdə çıxışı zamanı 20 Yanvar faciəsinin törədilməsində məsuliyyət daşıyan şəxslərin adlarını açıq şəkildə səsləndirdi və bu hadisəyə dövlət səviyyəsində obyektiv qiymət verilməsinə nail oldu. Bu siyasi xətt sonrakı dövrdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Prezident İlham Əliyev 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı Azərbaycanın haqq səsini beynəlxalq arenada ardıcıl və prinsipial şəkildə müdafiə etdi. Bu siyasətin nəticəsidir ki, artıq Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılır.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi isə Azərbaycan xalqının tarixində yeni bir şanlı səhifə açdı. Xalq–ordu–lider birliyi sayəsində işğal altında olan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu qələbə bir daha sübut etdi ki, 20 Yanvarda canlarını fəda edən şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan xalqı öz suverenliyini və müstəqilliyini bərpa edən, qalibiyyətə imza atan güclü və qürurlu xalqdır. Bu gün biz artıq qalib xalq kimi 20 Yanvar şəhidlərini yad edir, onların xatirəsi qarşısında baş əyir və müstəqil, güclü Azərbaycan dövlətini daha da möhkəmləndirmək yolunda əzmlə irəliləyirik".