20 Yanvar faciəsinin şahidi Nüsrət Vahabovun SİA-ya müsahibəsini təqdim edirik:
– 20 Yanvar gecəsi harada idiniz və həmin günü necə xatırlayırsınız?
20 Yanvar gecəsi Salyan kazarmasının önündə idik. O vaxt tələbə idim. Gündüz oxuyur, dərsdən sonra isə Bakı Elektrik Maşınqayırma Zavodunda işləyirdim. Səhərlər tələbə yoldaşlarımla birlikdə Salyan kazarmasının Tbilisi prospekti tərəfdəki qapısında dayanırdıq. Gündüzlər keşik çəkir, yollardan hərbi texnikanın və silahlı qüvvələrin şəhərə daxil olmasının qarşısını almağa çalışırdıq. Məqsədimiz şəhəri qorumaq idi.
Axşamlar isə dərsdən sonra iş yoldaşlarımla birlikdə kazarmanın digər qapısında növbə çəkirdik. Zavoddan gətirilən avtobuslarla həmin əraziyə gedirdik. Demək olar ki, gecə-gündüz növbədə idik.
– Həmin gecə sizə nə vaxt və hansı xəbər verildi?
20 Yanvar gecəsi saat 10-a qədər Tbilisi prospekti tərəfdəki qapıda növbədə olmuşdum. Axşam bizə xəbər verdilər ki, bu gecə əsas hücum olacaq, sovet ordusu tanklarla şəhərə girəcək. Dedilər ki, səhərə qədər mövqeləri tərk etmək olmaz. Artıq bir neçə gündür gecələri səhərə kimi ayıq qalırdıq.
– Gecə saatlarında nə baş verdi?
Saat 10 radələrində tələbə yoldaşlarımla birlikdə Dərnəgül qəsəbəsində yerləşən yataqxanaya qayıtdıq. Avtobuslarla növbəli şəkildə aparırdılar – bir dəstə saat 10-da, digəri gecə saat 12-də. Yeməyimizi yeyib üstümüzü dəyişdik, yenidən kazarma istiqamətinə aparılmalı idik.
Saat 11–12-yə yaxın bizə avtobus çağırıldı. Çölə çıxmaq istəyəndə birdən şəhər tərəfdən güllə səsləri eşidildi. Dedilər ki, hərbçilər artıq xəstəxana tərəfdən şəhərə daxil olublar. Atışma səsləri, top gurultuları gəlirdi. Şəhərə girilmişdi. Yaralılar var idi, ölənlər var idi.
– Həmin gecə şəhərdə baş verənləri öz gözlərinizlə gördünüzmü? Nəyi heç vaxt unutmursunuz?
Bəli, gördüm və onları heç vaxt unuda bilmərəm. 20 Yanvar gecəsi Bakıda misli görünməmiş vəhşiliklər törədildi. Sovet ordusunun tankları və zirehli texnikası bütün şəhər boyu hərəkət edirdi. Heç nəyə baxmadan maşınları, avtobusları əzib keçirdilər, dinc insanların üzərinə sürdülər, insanları güllələdilər.
Küçələrdə xaos hökm sürürdü. Avtomobillər əzilmiş, yandırılmışdı. Güllələr binalara, maşınlara, avtobuslara dəyirdi. Kim harada idi, ora da atəş açılırdı.
– Atəş səslərini eşidəndə nə hiss etdiniz?
İlk anlarda inanmadım. Ağlımıza gəlmirdi ki, ordu öz xalqının üzərinə girər. Biz sovet ordusunu “bizi qoruyan ordu” kimi tanımışdıq. Amma gördüklərimiz hər şeyi dəyişdi. Aydın oldu ki, bu ordu bizi qorumaq üçün yox, qorxutmaq və azadlıq istəyimizi boğmaq üçün gəlib.
– O gecə insanlar bir-birinə necə davranırdı? Yardımlaşma var idimi?
Çox böyük yardımlaşma var idi. 20 Yanvardan əvvəl də biz meydanlarda qalırdıq, gecələri orada yatırdıq. İnsanlar bir-birinə çox mehriban idi. Yaralılara kömək edir, tanımadığı adamlara evini açırdı. Bu, təkcə etiraz yox, əsl azadlıq mübarizəsi idi.
– Özünüz və ailəniz üçün qorxurdunuzmu?
Qorxacaq yerimiz yox idi. Biz artıq azadlıq yoluna çıxmışdıq. Meydanlarda elə bir ruh var idi ki, qorxu hissi ikinci plana keçmişdi. Hamı bilirdi ki, bu yol çətindir, amma bu yol azadlıq yoludur.
– 20 Yanvar sizin həyata baxışınızı necə dəyişdi?
20 Yanvar Sovet ordusunun əsl üzünü açdı. O gündən sonra bu orduya qarşı içimdə dərin nifrət yarandı. Sonralar gördük ki, elə həmin ordu və onun himayəsində olan qüvvələr Qarabağ torpaqlarımızın işğalında da rol oynadı.
20 Yanvar Qarabağ müharibəsinə gedən yolun başlanğıcı oldu. O vaxt ordumuz yox idi, torpaqlarımızı itirdik. Amma sonradan şəhidlərimizin və qazilərimizin sayəsində torpaqlarımızı azad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
– 20 Yanvardan sonrakı günlərdə şəhərin ab-havası necə idi?
Şəhər sanki ölü vəziyyətdə idi. Küçələrdə nə maşın işləyirdi, nə də adi həyat vardı. Kommunal xidmətlər dayanmışdı. İnsanlar qorxa-qorxa piyada hərəkət edirdi. Hər addımbaşı yoxlamalar aparılırdı, sərbəst dolaşmağa imkan vermirdilər. Şəhər daim nəzarət altında idi.
– Bu gün 20 Yanvarı xatırlayanda ilk olaraq nə yadınıza düşür?
İlk olaraq şəhidlərimiz yadımıza düşür. O gecənin səssiz fəryadı, güllə səsləri, insanların qorxusu və eyni zamanda ləyaqətli duruşu gözümün önünə gəlir. 20 Yanvar həm kədərdir, həm də qürurdur.
– Sizcə, gənc nəsil 20 Yanvar haqqında nəyi bilməlidir?
Gənc nəsil bilməlidir ki, 20 Yanvar yalnız qara gün deyil. Bu, azadlıq yolunda mübarizənin başlanğıcıdır. Azadlıq hazır gəlməyib, şəhidlərin qanı bahasına qazanılıb. Bu mübarizə bir nəslin yox, bütün millətin məsuliyyətidir.
Ayşən Vəli