Abşeronda 20 Yanvar faciəsi qurbanları ehtiramla anılıb - FOTOLAR

20 Yanvar 2026 12:36 (UTC+04:00)

Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 36-cı ildönümü dərin ehtiramla yad edilib. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Xırdalan şəhərində Şəhidlər abidəsini ziyarət edərək, şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Tədbirdə bildirilib ki, Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq üçün törədilən bu dəhşətli faciə xalqımızı haqq yolundan döndərə bilməyib. 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib. Qeyd olunub ki, Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün dövlətimizin başçısının təşəbbüsləri sayəsində effektiv sosial müdafiə sistemi formalaşıb.

Sonda çıxış edən şəhid ailələri və qazilər özlərinə göstərilən qayğını yüksək qiymətləndirdiklərini vurğulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.