"20 Yanvar azadlıqdan dönməyən xalqın günüdür" - POLİTOLOQ DANIŞDI

20 Yanvar 2026 12:23 (UTC+04:00)

"20 Yanvar Azərbaycanın müstəqillik mübarizəsinin zirvə nöqtəsidir. Mən bu günü təkcə matəm günü kimi yox, eyni zamanda qürur günü kimi xatırlamağın tərəfdarıyam". Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, 8 Noyabr Zəfər Gününü qeyd edərkən də minlərlə şəhidimizin olduğunu bilirik və buna baxmayaraq həmin günü qürurla yaşayırıq: "20 Yanvar yalnız ağlaşma, yalnız matəm günü olmamalıdır. Biz ümumiyyətlə bu ağlaşma sindromundan çıxmalıyıq. Xalqlar günlərlə oturub ağlamaqla deyil, mübarizə aparmaqla tarix yazırlar. Matəm günləri azalmalı, zəfər və mübarizə günləri çoxalmalıdır. 20 Yanvar da məhz belə bir gündür.

Bu günün təkcə mənəvi yox, eyni zamanda çox ciddi siyasi anlamı var. 20 Yanvar Azərbaycanın de-fakto müstəqilliyinin bərpa olunduğu gündür. Faktiki olaraq Azərbaycan həmin gün SSRİ-dən çıxdı. İnsanlar küçələrdə sovet pasportlarını yandırır, ziyalıdan tutmuş sadə vətəndaşa qədər Kommunist Partiyasından imtina edirdilər.

Azərbaycan xalqı anladı ki, SSRİ onun vətəni deyil, Moskva onun paytaxtı deyil. Onların vətəni Azərbaycandır, paytaxtı isə Bakı.

Bəli, hüquqi baxımdan müstəqillik 18 oktyabrda sənədlə rəsmiləşdirildi. Amma de-fakto müstəqillik 20 Yanvarda qazanıldı. Düzdür, bundan sonra da təxminən iki ilə yaxın kommunistlər hakimiyyətdə qala bildilər. Amma sonda onlar da müstəqillik faktını imzalamağa məcbur oldular.

Çünki artıq Azərbaycan xalqı öz gələcəyini nə ruslarla, nə Moskva ilə, nə Kreml ilə, nə də o beşguşəli qırmızı ulduzla birlikdə görürdü".