20 Yanvar faciəsinin ildönümü anılır - FOTOLAR

20 Yanvar 2026 09:48 (UTC+04:00)

Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsinin ildönümünü dərin hüzn və ehtiramla anır. 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı ağır hərbi cinayət törədilib, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla onlarla insan qətlə yetirilib, yüzlərlə sakin yaralanıb.

SİA məlumat verir ki, faciənin ildönümü ilə əlaqədar dövlət qurumlarının nümayəndələri, ictimaiyyət təmsilçiləri və minlərlə vətəndaş Şəhidlər xiyabanını ziyarət edir, şəhidlərin məzarları üzərinə gül dəstələri qoyur, onların əziz xatirəsini dərin ehtiramla yad edirlər.

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu qanlı hadisə xalqın iradəsini sındırmadı, əksinə milli birliyi daha da gücləndirdi və Azərbaycanın dövlət müstəqilliyinə gedən yolunu sürətləndirdi. Şəhidlərin xatirəsi Azərbaycan tarixində əbədi yaşayacaq.