Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr edilmiş tədbir olub.
SİA xəbər verir ki, RSXM-in Elektron xidmətlər şöbəsindən verilən məlumata görə, tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən mərkəzin baş direktoru, professor Qurban Yetirmişli 20 Yanvar faciəsi zamanı Bakıda törədilən qırğınlar haqqında danışıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet qoşunları tərəfindən mülki əhaliyə qarşı qırğın törədildiyini qeyd edən baş direktor faciə qurbanlarının xatirəsinin hər zaman xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
RSXM-in Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı “20 Yanvar faciəsinin Azərbaycandakı ictimai-siyasi proseslərə təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş sovetlər birliyinə daxil olan respublikalarda gedən ictimai-siyasi proseslər, eləcə də Azərbaycanda milli azadlıq hərəkatının güclənməsi və Ermənistanın Qarabağa olan iddialarının Moskvadan dəstəklənməsi fonunda Azərbaycanda xalqın sovet quruluşuna qarşı etirazlarının artdığını bildirib: “20 Yanvar faciəsindən əvvəl Qarabağdakı kəndlərimizdə ermənilər bir sıra vəhşiliklər törətmişdilər və həmin proses davamlı şəkildə gedirdi. Topxana meşəsinin məqsədli şəkildə qırılması bu prosesləri bir az da gərginləşdirmişdi. Azərbaycan xalqı baş verənlərə və “qırmızı imperiyanın” əsarətinə qarşı etiraz edirdi. Belə bir vaxtda keçmiş sovet rəhbərliyi bütün hüquqi qaydaları, humanizmi və insanlıq dəyərlərini pozaraq Bakıya, mülki vətəndaşların üzərinə ağır texnikalarla hücum etdi. 20 Yanvar faciəsinin qurbanları arasında təkcə yetkin insanlar deyil, yaşlılar və azyaşlı uşaqlar da var. Faciə gecəsi sovet hərbçiləri kimliyindən asılı olmayaraq, hər kəsə atəş açmışdı”.
Şöbə müdiri Ulu Öndər Heydər Əliyevin hadisənin ilk günlərində ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək brifinq keçirdiyini və sovet rəhbərliyinə etirazını bildirdiyini xatırladaraq deyib: “Həmin vaxt böyük təhlükələrin olmasına baxmayaraq, Ümummilli Lider Heydər Əliyev keçmiş sovet rəhbərliyindən Bakıda törədilən qırğınlara cavab tələb etmişdi. 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilməsində, eləcə də faciənin dünyada tanıdılmasında və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsində Ulu Öndərin böyük əməyi var”.
Vüsalə Rafiqqızı onu da vurğulayıb ki, Azərbaycan xalqı Ali Baş Komandanın, əsgər və zabitlərin, hər zaman qəlbimizdə əbədi yaşayacaq qəhrəman oğulların - şəhidlərin sayəsində ərazi bütövlüyünü və suverenliyini təmin edib. “Bu gün biz qalib ölkəyik və regiondakı əsas güc mərkəzlərindən biriyik. Bizi faciələr yaşayan xalqdan qalib xalqa çevirən, bir yumruq altında birləşdirən Ali Baş Komandanımıza minnətdarıq. Prezident İlham Əliyevin iradəsi, uzaqgörən siyasəti və müdrikliyi sayəsində, eləcə də qəhrəman oğullarımızın - şəhidlərimizin və qazilərimizin göstərdikləri qəhrəmanlıqlar nəticəsində bu gün Qarabağ azaddır. Zəngəzura yol açırıq. Azərbaycan xalqı humanist və sülhsevər xalqdır. Biz tariximizi, başımıza gətirilən fəlakətləri unutmuruq, ancaq gələcəyə inamla baxırıq. İnanırıq ki, bundan sonra bölgəmizdə sülh və inkişaf olacaq”, - deyə o diqqətə çatdırıb.
Daha sonra tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.