"Bakıda keçirilmiş Hindistanın etnik problemlərinə həsr olunmuş konfrans həm beynəlxalq, həm də regional səviyyədə diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər. Bu cür tədbirlər yalnız akademik müzakirə məkanları olmaqla kifayətlənmir, eyni zamanda dövlətlərarası əlaqələrdə yeni informasiya mübadiləsi platforması kimi çıxış edir və müxtəlif siyasi aktorların etnik məsələ ilə bağlı yanaşmalarını açıq şəkildə təhlil etməyə imkan yaradır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, Bakının belə bir konfransa ev sahibliyi etməsi bir tərəfdən Azərbaycanın diplomatik aktivliyinin artması ilə bağlıdırsa, digər tərəfdən ölkənin qeyri-Qərb regionlarında dialoq təşəbbüslərinə dəstək verən platforma rolunu gücləndirir: "Bu baxımdan konfrans həm regional, həm də qlobal siyasi mühit üçün əhəmiyyətli siqnallar ötürdü. Hindistanın daxili etnik strukturu və etnosiyasi dinamikası daha çox çoxtərəfli kontekstdə müzakirə olundu. Etnik müxtəliflik Hindistanın dövlət quruluşunda həm siyasi sabitlik mövzusu, həm də potensial risk faktorudur. Məsələn, şimal-şərq əyalətlərində separatizm, Kəşmir məsələsi, hind-müsəlman etnik-dini gərginlikləri, sosial identiklik üzərindən formalaşan siyasi seqmentləşmə ölkənin etnik siyasətinin əsas prioritetlərini müəyyənləşdirir. Konfrans çərçivəsində bu məsələlər daha çox struktur yanaşma ilə təhlil edildi və Hindistanın etnik məsələlərdə “mərkəzləşdirilmiş təhlükəsizlik siyasəti” ilə “plüral identiklik modeli” arasında balans axtardığı vurğulandı. Cənubi Asiya regionu baxımından isə konfrans müəyyən proqnozlaşdırıcı aspektlər ortaya qoydu. Pakistan, Banqladeş, Nepal və Şri Lanka kimi ölkələrdə etnik identikliklə bağlı proseslərin Hindistanın siyasi xəritəsi ilə sıx bağlı olması uzun illərdir məlumdur. Ona görə konfransın müzakirələrində Hindistanın daxili etnik siyasətinin regionda domino effekti yarada biləcəyi, xüsusən də etnik qrupların tranzit mobilizasiyası, dini identikliklərin trans-sərhəd təbiəti və informasiya cəmiyyətinin yaratdığı yeni sosial şəbəkə imkanları kontekstində daha geniş analiz edildi. Bu, gələcəkdə Cənubi Asiyada etnosiyasi məsələlərin yalnız milli deyil, həm də regional təhlükəsizlik formatında nəzərdən keçiriləcəyini göstərir.
Konfrans həmçinin etnik münasibətlərin qlobal kontekstini də gündəmə gətirdi. Çünki postsovet məkanında, Yaxın Şərqdə, Qafqazda və Cənubi Asiyada etnosiyasi məsələlər artıq təkcə humanitar problem deyil, həm də geopolitik rıçaq xarakteri daşıyır. Hindistanın etnik siyasətinin qlobal enerji, nəqliyyat, təhlükəsizlik və hətta informasiya axınları ilə kəsişməsi dünyada çoxmərkəzli sistemin formalaşdığı dövrdə böyük əhəmiyyət kəsb edir. Bakıda keçirilən bu konfrans Hindistanın etnik problemlərinin yalnız lokal daxili məsələ olmadığını, həm regional, həm də qlobal təsirlərə malik kompleks hadisə kimi qiymətləndirildiyini nümayiş etdirdi. Bu proseslər gələcəkdə həm Hindistanın daxili siyasi arxitekturasında, həm də Cənubi Asiya regionunun geosiyasi strukturunda mühüm dəyişikliklərin siqnalı kimi çıxış edə bilər. Azərbaycanın belə bir diskursun təşkilatçısı kimi çıxış etməsi isə ölkənin beynəlxalq siyasi dialoqda fəal aktor kimi mövqeyini daha da gücləndirir".