20 Yanvar 1990-cı il hadisələri Azərbaycanın yaxın tarixində həm siyasi mahiyyəti, həm də milli kollektiv yaddaşda buraxdığı dərin izlərlə fərqlənən faciə və eyni zamanda mübarizə səhifəsi kimi qiymətləndirilir. Həmin gecə Sovet ordusunun Bakıya yeridilməsi nəticəsində yüzlərlə dinc insanın həyatını itirməsi təkcə beynəlxalq hüquq pozuntusu kimi deyil, həm də xalqın azadlıq iradəsinə qarşı tətbiq olunan zorakılıq aktı kimi tarixin yaddaşına həkk olunmuşdur. Bu hadisələr Azərbaycan cəmiyyətinin müstəqillik ehtirasını daha da alovlandırmış, sovet sisteminə olan inamın tamamilə sarsılmasına gətirib çıxarmış və milli özünüdərk prosesini sürətləndirmişdir. Bu illər ərzində həmin dövrü şəxsən yaşamış insanların yaddaşında müxtəlif duyğular – qorxu, qəzəb, ağrı, qürur və müqavimət hissləri bir-birinə qarışmış şəkildə qalmışdır. Hər bir yaşlı sakin üçün 20 Yanvar təkcə tarixi fakt deyil, həm də şəxsi xatirə, ailə tarixçəsi və həyat təcrübəsidir. Bu səbəbdən minlərlə insan hər il Şəhidlər xiyabanını ziyarət etməklə yalnız şəhidlərin ruhuna ehtiram göstərmir, həm də milli azadlıq yolunun hansı qiymətə başa gəldiyini özünə və gələcək nəsillərə xatırladır.
SİA 20 yanvarla bağlı şəhər sakinlərinin fikrlərini öyrənib.
Şəhər sakini Samir Məmmədov: “20 Yanvar bizim şanlı tariximizdir. Mən özüm də həmin gün orada iştirak edənlərdən biri olmuşam. Həmin dövrdə o günlərdə Bakını rus və erməni birləşmələri blokadaya salmışdılar. 20 Yanvar gecəsi isə artıq onlar günahsız insanlara atəş açmağa başladılar. Sadə vətəndaşlarda heç bir silah yox idi, özlərini müdafiə edə bilmirdilər. Biz haradan bilə bilərdik ki, onlar bizə güllə atacaqlar. Hətta onu da deyə bilərəm ki, onlar heç rus əsgərlərinə belə oxşamırdılar. Saçları, saqqalları uzun, bizim tanıdığımız əsgərlər kimi deyildilər. Əyinlərində hərbi forma var idi, paltoları hərbi paltosu idi, lakin ayaqlarında mülki ayaqqabı idi. Həmin dövrdə mən 10-cu sinifə gedirdim və həmin il məktəbi bitirib ali təhsil almağa hazırlaşırdım. Amma mən də bir vətəndaş, azadlığa çıxmaq istəyən bir xalqın nümayəndəsi kimi həmin gün çöldə idim və dostlarımla birlikdə 20 Yanvar iştirakçısı olmuşam və rus əsgəri ilə əlbəyaxa döyüşə girərək özümü müdafiə etmişəm. Həmin o orduda olan əsgərlərin çoxu da Krasnodardan gəlmiş erməni və rus əsgərləri idi. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah xalqımızı və dövlətimizi qorusun.”
Şəhər sakini Allahverdi Aslanbəyov: “19 yanvardan 20 yanvara keçən gecə rus qoşunlarının erməni silahlı qüvvələri ilə birlikdə silahsız Bakı sakinlərinə hücumu nəticəsində qətliamlar törədilmişdi. Biz hər il 20 Yanvar hadisəsində öz şəhidlərimizi anırıq. Mən özüm bir vətəndaş kimi hər il Şəhidlər xiyabanına gedərək orada uyuyan şəhidlərimizin ruhunu yad edirəm. Hər bir şəhidin ruhu qarşısında baş əyir və onları ehtiramla xatırlayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O gün bəlkə də onlar o mübarizəni verməsəydilər, əliyalın şəkildə ordunun qarşısına çıxmasaydılar, bu gün biz fərqli bir mövqedə ola bilərdik. 20 Yanvar hadisələri yalnız faciə deyil, həm də Azərbaycanın milli iradəsinin və müstəqillik yolundakı qətiyyətinin simvoluna çevrilib. Xalqın həmrəylik nümayiş etdirməsi sonrakı siyasi proseslərə və Azərbaycanın müstəqillik uğrunda mübarizəsinə birbaşa təsir göstərib. Bu səbəbdən həmin günün xatırlanması və şəhidlərin yad olunması təkcə tarixi borc yox, həm də milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır".
Şəhər sakini Kəmalə Nəsibova: “20 Yanvar Azərbaycanın tarixinə yazılan qan yaddaşıdır. Amma 44 günlük Vətən müharibəsindən sonra artıq biz şəhidlərimizin məzarlarını başımız dik və alnı açıq ziyarət edirik. Şəhidlər xiyabanı uşaqdan yetişkin insana qədər hər kəsin ziyarət etdiyi bir ocağa çevrilib. Ənənəvi şəkildə 20 Yanvarda biz şəhidlərimizi ziyarət edirik. O dövrdə Azərbaycanın müstəqilliyə gedən ilk yollarından biri də məhz 20 Yanvar günü olub. Həmin gün bizim xalqımız dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı necə mübariz bir xalqdır və azadlığı uğrunda canından belə keçən bir xalq olduğunu göstərdi. Eyni zamanda insanlar əl-ələ tutub heç kimdən, heç nədən qorxmayaraq, çəkinməyərək tankların qabağını kəsərək onların irəliləməsinə mane olmağı bacardılar. Allah 20 Yanvar və digər soyqırımlarda, eləcə də müharibələrdə şəhid olan qəhrəmanlarımıza rəhmət eləsin, ruhları şad olsun. Məkanları cənnət olsun. Azərbaycan yeganə qəhrəman ölkədir ki, həmin hadisələrdən sonra ölən şəhidlərimizin öz xiyabanları var. İndi isə hər il 20 Yanvar hadisələri yalnız faciə kimi deyil, eyni zamanda xalqımızın mübarizə iradəsinin və azadlıq eşqinin təcəssümü kimi yad edilir. Şəhidlər xiyabanında insanlar həm dua edir, həm də gənc nəsilə o günlərin tarixini izah edirlər ki, belə olaylar unudulmasın. Çünki 20 Yanvar Azərbaycan üçün yalnız kədərli bir tarix deyil, həm də milli oyanışın, birlik və həmrəyliyin simvoludur"
Şəhər sakini Musa Əsədov: “Biz o dövrlərdə yaşamışıq və görmüşük. Həmin dövrlər çox çətin dövrlər idi. Ancaq buna baxmayaraq, xalqımızın, millətimizin zəfər günü idi. Biz hər nə qədər o gündə hüznlənsək də, bir o qədər də 20 Yanvar gününü fəxrlə və qürurla yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar olmasaydılar, biz bu günlərə gəlib çıxa bilməzdik. 20 Yanvar xalqımızın yaddaşında yalnız kədər günü kimi yox, həm də milli oyanışın başlanğıcı kimi yaşayır. Həmin günlərdə insanlar müxtəlif yaşlardan, müxtəlif təbəqələrdən olsa da, hamısı bir amal uğrunda birləşmişdi azadlıq uğrunda. Qadınlı-kişili, gənc-qoca hər kəs küçələrdə idi və heç bir güc onları qorxuda bilmirdi. Xalqımız öz iradəsini tankların, silahların qarşısında belə sındırmadı. Bu gün küçələrdə, məktəblərdə, ailələrdə həmin günlərdən danışılır və gənclər həmin tarixi öyrənirlər ki, azadlıq və müstəqillik hansı qiymətə başa gəlib. Elə bu səbəbdən də şəhidlərimizin məzarları təkcə ziyarət yeri deyil, həm də milli yaddaşın canlı tarixidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, məkanları cənnət olsun".
Şəhər sakini Teymur Quliyev: “1990-cı ilin yanvarın 19-u axşamı mən Nizami Gəncəvi adına kinoteatra getmişdim. Həmin dövrdə mən orta məktəbdə oxuyurdum. Axşam idi, kinodan çıxdım və gördüm ki, hər yer qaranlıqdır, trolleybuslar, tramvaylar və avtobuslar işləmir. Mən çətinliklə də olsa taksi tapa bildim və çətinliklə evə gəlib çıxa bildim. Evə çatdıqdan bir neçə dəqiqə sonra atəş səsləri başladı. Səhərə qədər səs-küy vardı, tankların səsi gəlirdi. Daha sonra bizim televiziya mərkəzində partlayış oldu. Həmin gün Bakının üzərinə tam mənada qaranlıq enmişdi, həm sözün birbaşa, həm də məcazi mənasında. Şəhərdə elektrik kəsilmişdi, rabitə dayanmışdı və sanki həyat bir anda donmuşdu. İnsanlar nə baş verdiyini anlamır, amma gizli bir qorxu ilə hiss edirdilər ki, nəsə çox ciddi bir şey baş verir. Ertəsi gün küçələrə çıxanda artıq şəhidlər haqqında xəbərlər yayılmağa başladı və hamının üzündə həm kədər, həm də qəzəb hiss olunurdu. Həmin hadisələr bizi həm sarsıtdı, həm də bir xalq kimi birləşdirdi. O dövrü yaşayanlar heç vaxt unuda bilməzlər, çünki o gün təkcə güllələr yox, həm də milli yaddaşımıza həkk olunan bir iz idi. Bu gün müstəqilliyimizin dəyərini və həmin nəsilin fədakarlığını daha yaxşı anlayırıq. Biz o gündən sonra bir müddət depressiya keçirdik. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun".