“Davos Forumu yalnız bu günün deyil, həm də…” - ŞƏRH EDİLDİ

19 Yanvar 2026 15:50 (UTC+04:00)

“Davos İqtisadi Forumunun keçirilməsi artıq qlobal səviyyədə davamlı və ənənəvi xarakter alıb. Hər il dünyanın aparıcı siyasi liderlərini, beynəlxalq təşkilatların rəhbərlərini, tanınmış iqtisadçıları və iri transmilli şirkətlərin təmsilçilərini bir araya gətirən bu forum qlobal gündəliyin formalaşmasında mühüm rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, forum çərçivəsində dünya iqtisadiyyatının mövcud vəziyyəti, geosiyasi proseslər, təhlükəsizlik məsələləri, enerji və iqlim dəyişiklikləri, eləcə də gələcək inkişaf strategiyaları geniş şəkildə müzakirə olunur:

“Bu baxımdan Davos Forumu yalnız bu günün deyil, həm də gələcəyin prioritetlərinin müəyyənləşdirildiyi mühüm beynəlxalq platforma hesab olunur.

Forumun ölkəmiz üçün əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Davos İqtisadi Forumu Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi, ölkəmizin iqtisadi potensialının və siyasi mövqeyinin dünya ictimaiyyətinə təqdim edilməsi baxımından geniş imkanlar yaradır. Forum çərçivəsində Ukrayna böhranı, İran ətrafında baş verən proseslər, regional və qlobal təhlükəsizlik məsələləri kimi aktual mövzuların müzakirə olunması Azərbaycanın mövqeyinin və baxışlarının beynəlxalq auditoriyaya çatdırılması üçün mühüm fürsətdir.

Cənab Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı isə Azərbaycanın iqtisadi və siyasi mövqelərinin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Prezidentin forum çərçivəsində bir sıra dünya liderləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və böyük şirkətlərin rəhbərləri ilə görüşləri gözlənilir. Bu görüşlər zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunması, investisiya imkanlarının genişləndirilməsi, enerji, nəqliyyat və digər strateji sahələrdə yeni əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi nəzərdə tutulur. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsinə və ölkəmizin qlobal iqtisadi sistemdə rolunun artmasına xidmət edəcək”.