“Bakıda Hindistanın etnik və dini problemlərinə həsr olunmuş konfrans çərçivəsində bir sıra mühüm məsələlər ətraflı şəkildə müzakirə olundu. Tədbirdə müxtəlif ölkələrdən olan ekspertlər, ictimai xadimlər, hüquq müdafiəçiləri və media nümayəndələri iştirak edərək Hindistanda mövcud olan etnik və dini gərginliklər barədə fikirlərini bölüşdülər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, konfransın diqqətçəkən məqamlarından biri də siqh icmasının liderinin tədbirdə iştirakı oldu:
”Bu fakt siqhlərin üzləşdiyi problemlərin beynəlxalq səviyyədə gündəmə gətirilməsinin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi.
Çıxışlarda vurğulandığı kimi, Hindistanda uzun illərdir davam edən etnik və dini ziddiyyətlər bu gün daha da dərinləşməkdədir. Ölkə əhalisinin təxminən 2 milyonunu təşkil edən siqh icması sistemli şəkildə dini və etnik ayrı-seçkiliyə məruz qalır. Onlara qarşı müxtəlif formalarda diskriminasiya təbliğ olunur, hüquq və azadlıqları məhdudlaşdırılır. Xüsusilə qeyd edildi ki, hazırda Hindistanda hakimiyyətdə olan milliyyətçi administrasiya cəmiyyət daxilində parçalanmanı gücləndirən siyasət yürüdür və bu siyasət digər dini icmalara qarşı dözümsüz münasibətin artmasına səbəb olur.
Konfrans iştirakçıları həmçinin Hindistanda müsəlmanlar, xristianlar və digər dini azlıqlara qarşı baş verən hücumlara, zorakılıq hallarına və nifrət ritorikasına diqqət çəkdilər. Bildirildi ki, bu cür hadisələr təkcə ölkədaxili məsələ deyil, eyni zamanda beynəlxalq hüquq və insan haqları baxımından ciddi narahatlıq doğurur. Məhz buna görə də Hindistanda baş verən proseslər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və bu problemlərin açıq şəkildə müzakirə olunması zəruridir.
Bakıda keçirilən konfransın əsas əhəmiyyəti də məhz Hindistanda mövcud olan bu problemlərə diqqət yönəltmək, beynəlxalq ictimaiyyətə obyektiv məlumat çatdırmaq və dialoq üçün platforma yaratmaqdan ibarətdir. Azərbaycan belə bir tədbirə ev sahibliyi etməklə multikulturalizm və tolerantlıq dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdi. Tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı Azərbaycan bu gün dünyada çoxmillətli və multikultural ölkə kimi tanınır. Bu baxımdan, Bakının belə beynəlxalq konfrans üçün seçilməsi rəmzi məna daşıyır və fərqli mədəniyyətlər arasında anlaşmanın təşviqinə mühüm töhfə verir”.