“20 yanvar faciəsi, Azərbaycan müstəqillik tarixinin ən şərəfli səhifələrindəndir” - DEPUTAT DANIŞDI

19 Yanvar 2026 15:22 (UTC+04:00)

“Azərbaycanın müstəqillik tarixində ən qanlı və eyni zamanda ən şərəfli səhifələrdən biri olan 20 Yanvar faciəsinin 36-cı ildönümü xalqımızın yaddaşında dərin iz buraxmış hadisələri yenidən gündəmə gətirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə,1987-ci ildən etibarən Azərbaycan xalqının həyatında gərginlik artan xətt üzrə davam edirdi:

”Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri getdikcə geniş vüsət alırdı.

Lakin Sovet rəhbərliyi bu gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətməyi planlaşdırdı.20 Yanvar 1990-cı il hadisələri təsadüfi deyil, diqqətlə planlaşdırılmış hərbi əməliyyat idi. Yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə digər xüsusi təyinatlı hərbi birləşmələrin 66 mindən çox əsgər və zabiti Bakıya gətirildi. Qoşunlar Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirildi.

Xüsusilə diqqətəlayiq fakt budur ki, ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hətta hərbi məktəblərdə təhsil alan erməni kursantları da daxil edilmişdi. Bu, əməliyyatın insanlıq əleyhinə xarakterini bir daha təsdiqləyir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə “Bakı əməliyyatı” başladı. Əməliyyata rəhbərliyi SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər.

Cinayətin ən böyük məkri bundadır ki, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da tətbiq edilməsinə baxmayaraq, əhali bu barədə xəbərdar edilməmişdi. Daha da dəhşətlisi, qoşun hissələri yanvarın 19-da saat 21:00-dən etibarən şəhərə yeridilməyə başlamışdı.

Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlar Bakını xüsusi qəddarlıqla zəbt etməyə başladı. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar.

Bakı şəhərinin komendantı V. Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı yalnız 20 yanvar səhər saat 05:30-da radio vasitəsilə efirə verdi. Halbuki bu vaxt artıq onlarla dinc sakin qətlə yetirilmişdi.

Yanvarın 20-də saat 00:00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulmuşdu , qadın, qoca, uşaq demədən.

Fövqəladə vəziyyət elan edildikdən sonra yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda terror davam etdi: yanvarın 25-də Neftçalada, yanvarın 26-da isə Lənkəranda 8 nəfər qətlə yetirildi.

Ümumilikdə respublikada:

147 nəfər öldürüldü,744 nəfər yaralandı,841 nəfər qanunsuz həbs olundu,200 ev və mənzil məhv edildi,80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdıldı,dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl məbləğində maddi ziyan vuruldu.

Faciənin ertəsi günü , yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi. O, təhlükələrdən çəkinməyərək 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiyməti verdi.

Ulu Öndər bəyan etdi:
“Mən bu faciəyə həmişə ürəkdən yanaraq, həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə ədalət naminə, eyni zamanda Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək rəsmi açıqlama tələb etdi:

“Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.

1990-cı il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyevin qətiyyətinin təzahürü kimi tarixə düşdü.

1994-cü il martın 29-da Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı , Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Milli Məclisin Qərarında deyilir:

“1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.