"Yeni çağırışlara cavab verən yanaşmalar təşviq edilir" - ŞƏRH EDİLDİ

19 Yanvar 2026 13:46 (UTC+04:00)

"2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi əslində ölkənin strateji inkişafında mühüm dövrün başlanğıcını simvollaşdırır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, Prezidentin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş bu qərar həm tarixi memarlıq ənənələrinin qorunmasına, həm də müasir şəhərsalma prinsiplərinin tətbiqinə görə böyük əhəmiyyət kəsb edir: "Məlumdur ki, sərəncamda Azərbaycanın çoxəsrlik şəhərsalma və memarlıq mədəniyyətinin dövlət səviyyəsində qiymətləndirilməsi və yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi əsas məqsəd kimi göstərilib.

Bildiyiniz kimi, Azərbaycanın memarlıq və şəhərsalma ənənələri İpək Yolu dövründən başlayaraq formalaşıb və ölkənin qlobal mədəni və ticarət əlaqələri ilə sıx bağlı olub. Tarixi şəhərlərimizin fərqli memarlıq üslublarını birləşdirərək unikal görüntü yaratması bu irsin əhəmiyyətini daha da artırır. Dövlət tərəfindən qorunan qalalar, karvansaralar, dini məkanlar və digər memarlıq abidələri milli mədəniyyətimizin parlaq göstəriciləridir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası kimi nümunələr bu zəngin ənənənin dünya səviyyəsində tanınmasının sübutudur.

Şübhə yoxdur ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin arxasında həm də müasir şəhərsalma problemlərinə cavab vermək hədəfi dayanır. Urbanizasiya, ətraf mühitin qorunması, sosial infrastrukturun inkişafı və davamlı şəhər planlaşdırılması kimi məsələlər bu il çərçivəsində xüsusi diqqət mərkəzində olacaq.

Azərbaycan üçün bu təşəbbüs həm tarixi irsin qorunması, həm də yeni memarlıq yanaşmalarının tətbiqi üçün geniş imkanlar açır. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı layihələr bu sahənin praktiki tətbiqinə nümunə təşkil edir. Planlaşdırma sənədlərinin hazırlanması və bölgələrdəki yaşayış məkanlarının müasir standartlara uyğun qurulması davamlı inkişaf strategiyasının tərkib hissəsidir.

Odur ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasını Azərbaycan üçün tarixi və strateji əhəmiyyət daşıyan bir addım kimi qiymətləndirmək olar".