Ötən il humanitar tədbirlər çərçivəsində Suriya, Rusiya və Fələstin ərazilərindən 37 Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.
SİA-nın məlumatına görə, bu barədə Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Bildirilib ki, 2025-ci il ərzində Ukraynadan 132 uşaq Azərbaycana gətirilib. Vüqar Behbudovun sözlərinə əsasən, uşaqlar Bakı şəhərində və regionlarda təşkil olunan müxtəlif psixososial dəstək proqramlarına cəlb ediliblər. Bu proqramlar çərçivəsində qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixososial təlimlər, milli mətbəxlə tanışlıq, eləcə də müxtəlif ustad dərsləri təşkil olunub.
Qeyd edilib ki, artıq dörd ildir icra olunan layihə çərçivəsində Ukraynadakı müharibədən zərər çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Proqram çərçivəsində iştirakçılar üçün Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyalar təşkil olunur. 2022-ci ildən bu günədək isə ümumilikdə 360 ukraynalı uşaq ölkəmizdə reabilitasiya xidmətlərindən faydalanıb.